Ermənistan “küncə sıxılıb”: Növbəti antiterror əməliyyatı maraqlarına uyğun ola bilərbackend

Ermənistan “küncə sıxılıb”: Növbəti antiterror əməliyyatı maraqlarına uyğun ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib: “Ermənistanın Azərbaycandan heç bir ərazi iddiası yoxdur. Biz Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi kommunikasiyalar üzrə üçtərəfli işçi qrupunda müəyyən irəliləyişlər müşahidə edirik və bu ruhda davam etməyə hazırıq. Sülh gündəliyinin kulminasiya nöqtəsi təbii ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Bilirsiniz ki, Azərbaycan bununla bağlı beş bəndlik paket təqdim edib və Ermənistan Respublikası bəyan edib ki, bu bəndlərdə bizim üçün qəbuledilməz heç nə yoxdur”. A. Qriqoryan deyib ki, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının iclası Azərbaycan tərəfinin təklifi ilə avqustun ikinci yarısına təyin edilib.

Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır:

“Bunun əsas səbəblərindən biri isə Rusiya ilə Ukrayna arasında davam edən müharibədir. İrəvan başa düşür ki, Moskva bu müharibədə qalib gəlsə, daha çox təzyiqə məruz qalacaq. Əks halda isə özünün “sınaqdan çıxmış dostunu” itirəcək və “ortalıqda qalacaq”. Buna görə Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasına çalışır. Və şübhəsiz ki, bu proses Azərbaycanla münasibətlərin normallaşması ilə paralel aparılmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu günlərdə demişdi ki, Azərbaycan bizim qırmızı xəttimizdir”.

Siyasi şərhçinin sözlərinə görə, Qarabağda və sərhəddə baş verən təxribatlarla Ermənistan rəsmilərinin, o cümlədən Qriqoryanın fikirləri ilə ziddiyət təşkil edir:

“Amma fikrimcə, indiki mərhələdə qarşı tərəf, münasibətlərin normallaşması ilə bağlı təşəbbüslərində, bəyanatlarında səmimidir. Təxribatlar isə, çox güman, bu prosesə mane olmaq istəyən rəsmi Moskvanın və ya onun əlaltılarının “başının altından çıxır”. Məlum olduğu kimi, Bakı ilə İrəvan arasında formalaşmaqda olan etimad mühitinə zərbə vura biləcək ən yaxşı vasitə məhz sabotajdır. Və ya, ola bilsin, Ermənistan digər torpaqlarımızı, o cümlədən Xankəndini də Azərbaycana təhvil verməyə hazırdır. Sadəcə Baş nazir Nikol Paşinyan başa düşür ki, bunu birdən- birə, diplomatik yolla etsə, daxildə ona qarşı narazılıq yarana bilər. Ona görə də Azərbaycanı anti – terror əməliyyatlarına təhrik edir. Bu mənada, bəlkə də, ehtimal edilən anti- terror əməliyyatı Paşinyanın maraqlarına uyğundur. Sözsüz ki, Ermənistanın bu niyyəti situativ xarakter daşıyır, daimi deyil. İrəvan yeni konyukturaya uyğun olaraq regional xarici siyasətini hər an dəyişə bilər. Əgər Paşinyan Rusiyadan və ya Qərbdən ciddi dəstək hiss etsə, yenidən sərsəm bəyanatlar səsləndirə bilər. Yəni indiki açıqlamaların səbəbi Ermənistanın çətin durumda olmasıdır. Biz isə bu durumdan mümkün qədər istifadə etməliyik”.

//Gülnarə Abasova, Editor.az