Ermənistan Moskvanı itirir? Paşinyanın açıqlaması regionda gərginliyi artırdıbackend

Ermənistan Moskvanı itirir?- Paşinyanın açıqlaması regionda gərginliyi artırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə Ermənistanın xarici siyasət xətti ətrafında müşahidə olunan dinamika, İrəvanın həm Qərb platformalarında, həm də Rusiya ilə münasibətlər kontekstində daha çevik və çoxvektorlu davranış sərgiləmək cəhdlərini gündəmə gətirir. Bu çərçivədə Baş nazir Nikol Paşinyanın beynəlxalq tədbirlərdə verilən bəyanatlara münasibəti və dövlətlərin bu tip açıqlamalara görə məsuliyyət daşıyıb-daşımaması ilə bağlı mövqeyi xüsusi diqqət çəkir. Paşinyanın açıqlamaları Ermənistanın regional və qlobal güc mərkəzləri arasında balans saxlamaq niyyətini bir daha ortaya qoyur. Eyni zamanda, bu mövqe İrəvan–Moskva münasibətlərində mümkün gərginliklərin müzakirə olunmasına səbəb olur.

 

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın son açıqlamaları həm daxili siyasi kontekst, həm də xarici siyasət balansı baxımından qiymətləndirilməlidir. Onun sözlərinə görə, Paşinyan xüsusilə son dövrlərdə Rusiya tərəfindən səsləndirilən fikirlərə münasibət bildirərkən daha çox korrekt və diplomatik üsluba üstünlük verir:

“Nikol Paşinyan bu cavabları verməklə Ermənistan cəmiyyətinə nümayiş etdirir ki, Ermənistan Köçəryan-Sarkisyan dövründən fərqli olaraq Rusiyanın tərəfdaşı da deyil, onun forpostu deyil və Ermənistan müstəqil dövlət olaraq öz siyasətini müəyyən edir və tərəfdaşlarını seçir. Məhz bu baxımdan bu bəyanatları məhz o cür qiymətləndirməyin tərəfindəyəm. Əlbəttə, Paşinyan hakimiyyətə gələnə qədər və ondan sonra da Qərblə münasibətləri inkişaf etdirməyə çalışır və buna da müəyyən dərəcədə nail olub. Amma Paşinyan kifayət qədər təcrübəlidir və bilir ki, Rusiyadan birdən-birə qopmaq Ermənistanın maraqlarına uyğun deyil və Ermənistan üçün kifayət qədər problemlər yarada bilər. O baxımdan Rusiya ilə bağlı açıqlamalarını kifayət qədər korrekt və diplomatik tərzdə verməyə çalışır. Nəzərə alsaq ki, Paşinyanın bu seçkilərdə iki əsas şüarı var: bir, sülh şüarıdır, qonşularla münasibətlərin normallaşması şüarıdır, ikincisi isə real Ermənistan şüarıdır, yəni hansısa utopik, xəyali Ermənistan yox, real Ermənistan. Məhz elə bu səbəbdən də bugünkü Ermənistan Respublikası xəritəsini sinəsində gəzdirməklə seçicilərlə görüşə gedir. Və Paşinyan digər bir məsələdə də haqlıdır ki, doğrudan da hansısa beynəlxalq tədbirdə iştirak edən dövlət başçısı yaxud nümayəndəsinin səsləndirdiyi bəyanatlara görə təşkilatçı dövlət məsuliyyət daşımır. Bu baxımdan Nikol Paşinyan Avropa Siyasi Birliyi çərçivəsində İrəvanda keçirilən və Zelenskinin də iştirak etdiyi toplantını nəzərdə tutur. Belə ki, Zelenski də bu format yaranandan bəri onun iclaslarında iştirak edir və orada müxtəlif məsələlərlə, xüsusilə də savaş halında olduğu Rusiya ilə bağlı bəyanatlar səsləndirir ki, bu yeni bir məsələ deyil. Yəni bu baxımdan Zelenskinin səsləndirdiyi fikirlərə görə Ermənistanın məsuliyyət daşımadığı aydındır. Hə, əgər Zelenski Ermənistana dövlət səfəri yaxud rəsmi səfərlə gəlsəydi, ikitərəfli münasibətlər çərçivəsində müəyyən fikir söyləsəydi, o zaman Rusiya müəyyən qədər buna etiraz edə bilərdi. Amma hazırkı durumda Zelenskinin Avropa Siyasi Birliyi toplantısı çərçivəsində səsləndirdiyi bəyanatlara görə Ermənistanı ittiham etmək sadəcə olaraq təzyiq metodudur, bu əslində uğurlu və konstruktiv variant deyil”.

//Gülnarə Abasova, Editor.az