“Ermənistan müxalifəti Azərbaycana qarşı revanşist fikirlərindən əl çəkmir”- ŞƏRHbackend

“Ermənistan müxalifəti Azərbaycana qarşı revanşist fikirlərindən əl çəkmir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəbər verildiyi kimi, Ermənistanda ötən gün ordu yaradılmasının 33-cü il dönümü təntənəli şəkildə qeyd olundu. Müxtəlif tədbirlərdə iştirak edən Ermənistan baş naziri Nikol Paşinyanın çıxışlarındakı nitqi diqqət çəkib. O, yaxın gələcəkdə orduda baş verə biləcək dəyişikliklər haqqında həm tədbirdə iştirak edən ölkə prezidentini, həm də parlament spikeri və hərbiçiləri məlumatlandırıb. O cümlədən, Azərbaycanla Ermənistan arasında gedən proseslərə də qısa şəkildə toxunub və sülh müqaviləsinin imzalanmasında Ermənistanın maraqlı tərəf olduğunu diqqətə çəkib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq Nikol Paşinyanın tədbirlərdə söylədiyi bəzi fikirləri şərh edib:

“Onun sözlərindən belə nəticəyə gəlmək olar ki, Ermənistan son illər ordunun gücləndirilməsi və təsis olunması istiqamətində ciddi addımlar atır və milyardlarla dollar pul xərcləyib. Ancaq buna baxmayaraq Azərbaycanla silahların məhdudlaşdırılması istiqamətində danışıqlar  aparmağa və memorandum imzalamağa hazırdır. Eyni zamanda, erməni baş nazir Azərbaycanla sülh müqaviləsinin imzalanması gecikərsə, ona qədər bir-birinə hücum etməmək haqqında sənəd imzalanması təklifini irəli sürüb. Təbii ki, Nikol Paşinyanın çıxışı hər zamankı kimi Azərbaycanla münasibətləri inkişaf etdirmək istiqamətində olsa da bu tədbirlərdə iştirak edən və ya etməyən müxalifət nümayəndələrinə isə bunu aid etmək olmur”.

Politoloqun sözlərinə görə, Ermənistan müxalifət nümayəndələri Azərbaycan haqqında revanşist fikirlər səsləndirir:

“Onlar Ermənistan Ordusunun deyil, Ermənistan hökumətinin məğlub olduğunu vurğulayıb. Təbii ki, bunlar revanşist  düşüncələrdir. Ermənistan müxalifəti, eyni zamanda, Dağlıq Qarabağ Klanının nümayəndələri gec-tez Azərbaycana qarşı müharibənin vacibliyini vurğulamış, Ermənistan ordusunun gücləndirilməsi istiqamətində vacib addımların atılmalı olduğunu bildirmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan aldığı zərbədən hələ də nəticə  çıxartmayıb. Ermənistanın hazırki hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini vurğulasa da, müxalifət bu fikirdə deyil və nə vaxtsa yenidən Azərbaycan torpaqlarını işğal etmək arzusunda olduqlarını hər imkan düşdükcə bildirirlər. Bütün bunlar Azərbaycanı öz müdafiə sisteminin ordu quruculuğunda inkişaf etdirilməsində bir an belə əl çəkməməyə daha da vadar edir. Azərbaycan Ermənistan tərəfindən münasibətlərin inkişaf etdirilməsi ilə bağlı səsləndirilən fikirlərə baxmayaraq öz ordusunu getdikcə gücləndirməyi, iqtisadiyyatını möhkəmləndirməli, regionun ən güclü və çevik ordusuna malik olmalıdır. Ermənistanla gələcək müharibənin qarşını almaq üçün bunlar şərtdir. Əks halda Ermənistan öz havadarları hesabına yenidən güc toplaya, Azərbaycana qarşı işğal siyasətinə yenidən başlaya bilər”.

//Gülnarə Abasova, Editor.az