Ermənistan nə etmək istəyir?- “Sülh anlaşması imzalansa belə əsas hədəf ondan ibarətdir…”- Millət vəkilindən AÇIQLAMAbackend

Ermənistan nə etmək istəyir?- “Sülh anlaşması imzalansa belə əsas hədəf ondan ibarətdir…”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan haqqı olan torpaqları canı, qanı bahasına geri qaytardı. 2023-cü ilin sentyabr ayında isə ölkə suverenliyini tam olaraq bərpa etdi. Ancaq təəssüflər olsun ki, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan sülhün əldə olunmasını istəsə də Ermənistan dəfələrlə təxribatlar törətdi, üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməkdən boyun qaçırtdı. Nəhayət ki, biz 2023-cü ilin sonuna doğru proseslərdə müəyyən irəliləyişlərin olduğunu görməyə başladıq. Xüsusilə də 2024-cü ildən başlayaraq heç bir vasitəçi olmadan Ermənistanla Azərbaycan arasında danışıqların şərti sərhəd ərazisində aparılması, sonrakı dövrdə isə delimitasiya və demakrasiya prosesində real nəticələrin əldə olunması onu deməyə imkan verir ki, nə qədər vasitəçilər bu prosesdə iştirak etsə də əslində heç birinin olmadığı məqamda proseslər daha yaxşı inkişaf etdi. Demək olar ki, biz artıq sülhə çox yaxınıq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında sülh yalnız hansısa sənədin imzalanmasından ibarət bir proses deyil:

“Buna çox kompleks yanaşılsa, ağır, çətin və həqiqətən də çox məsuliyyətli bir prosesdir. Bu baxımdan da sülh anlaşması imzalansa belə əsas hədəf ondan ibarətdir ki, ilk növbədə həqiqətən də qarşılıqlı olaraq ərazi iddiaları məsələsi tamamilə aradan qaldırılsın. Prosesdə isə əsas güc Ermənistanın üzərinə düşür. Çünki faktiki olaraq Ermənistan işğalçı siyasət həyata keçirdərək Azərbaycan torpaqlarını 30 ilə yaxın əsarətdə saxlayıb, soyqırım törədib. Bu gün isə Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları qalmaqdadır. Sülh üçün bu məsələ öz həllini tapmalı, daha sonra sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı xüsusi komissiya öz işlərini aparmalıdır. Çünki faktiki olaraq Azərbaycan torpaqları Sovetlərə birləşdirildikdən, ərazilər işğal olunduqdan sonra da Azərbaycan və Ermənistan birlikdə Sovetlər Birliyinin tərkibində mövcud olduğu dövrdə sərhədlər çox təəssüflər olsun ki, Azərbaycanın əleyhinə Ermənistanın xeyrinə dəfələrlə dəyişdirilərək torpaqlarımız Ermənistana hədiyyə edilib. Bu baxımdan isə prosesdə çox mübahisəli məqamlar mövcuddur. Xüsusilə də hansı xəritələr əsasında hansı ərazilərin razılaşdırılması məsələsi qaranlıq qalmaqdadır. Bu məsələlərin həlli üçün ikitərəfli komissiyalar yaradılıb. Onlar bu məsələlərin həlli üçün ciddi rejimdə işləyir və belə ki, artıq 12 km sərhəd dəqiqləşdirilib. Bundan sonrakı proseslər isə komissiyaların birgə fəaliyyəti nəticəsində öz həllini tapacaq. Ən əsas məsələ üçtərəfli bəyanatda da göründüyü kimi Ermənistanın öhdəlik olaraq götürdüyü kommunikasiyalar məsələsidir ki, bu da ilk olaraq Zəngilanla Naxçıvan ərazisindəki quru yolu mütləq bərpa edilməlidir. Belə ki, “Zəngəzur koridoru” fəaliyyətə başlamalıdır. Bununla yanaşı, digər ərazilər üzrə də quru əlaqələrinin yaranmasının biz şahidi olmalıyıq. Əgər biz həqiqətən də Cənubi Qafqazda uzunmüddətli sülhün olmasını istəyiriksə, səsləndirilən bütün şərtlər yerinə yetirilməlidir. Bunlar baş tutarsa, həqiqətən də real sülhə nail ola bilərik”.

Naqif Həmzəyev onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsi gedişində, ondan əvvəlki və sonrakı dövrlərdə də Türkiyə hər zaman Azərbaycanın yanında olub:

“Ölkə Prezidenti, rəsmiləri dəfələrlə Azərbaycana dəstək mesajlarını dilə gətirib. Real addımlarda da biz bunun şahidi olmuşuq. Hazırda isə Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Ermənistan münasibətlərindəki normallaşma ilə bağlı səsləndirdiyi fikirlər, xüsusilə də Zəngəzur koridorunun açılmasının əhəmiyyətinə verdiyi önəm doğru yanaşmadır. Həqiqətən də bu dəhlizin açılacağı təqdirdə də biz sülh prosesinin tamamlanmasının reallaşmasına şahidlik edə biləcəyik. Hesab edirəm ki, Ermənistan bu reallıqları artıq dərk edir və anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmayacağı təqdirdə ölkənin real inkişafından danışıla bilməz. Belə ki, İrəvan hakimiyyəti həyata keçirtdiyi çoxtəzadlı daxili və xarici siyasət fonunda region dövlətləri, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Hesab edirəm ki, yalnız Zəngəzur dəhlizi açılacağı təqdirdə Ermənistan-Türkiyə münasibətlərində də normallaşma baş tuta bilər. Böyük ehtimalla Ermənistan- Türkiyə sərhədlərinin açılması da yalnız Zəngəzur dəhlizinin reallaşması ilə bağlı müsbət həllərə nail olduqdan sonra həyata keçə bilər. Əks təqdirdə sərhədlərin açılması real görünmür. Çünki faktiki olaraq uzun illərdir, Türkiyə-Ermənistan sərhədinin bağlı olmasının da əsas səbəbi Qarabağın işğal altında olması, Ermənistan-Azərbaycan münasibətlərinin gərgin olması idi. Hazırda isə bu proseslərin müsbətə doğru dəyişdiyini görürük. Yalnız Ermənistanın addımlarında səmimi olması, bütün öhdəliklərini yerinə yetirməsi fonunda biz real sülhün baş tutacağına inanırıq”.

//Gülnarə Abasova, Editor.az