“Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyasına və delimitasiyasına hazırdır. Ümumiyyətlə, rusiyalı sərhədçilərin sərhədimiz boyu yerləşdirilməsi yalnız bəhs etdiyim proses başa çatandan sonra mümkün olacaq. Hazırda rusiyalı sərhədçilər cənub sərhədlərimizdədir”.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə belə deyib.
Onun sözlərinə görə, Ermənistan sərhədin delimitasiyasına hazırdır və Azərbaycanın reaksiyasını gözləyir.
Bununla yanaşı, A.Qriqoryan bəyan edib ki, Ermənistanın Müdafiə Nazirliyi orduda islahatlara başlayıb: “Məqsəd ordunun döyüş hazırlığı səviyyəsinin artırılması və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsidir Hərbi mükələffiyyətlilərin də 3 ay müddətinə hərbi xidmətə çağırılması ordunun islahatları proqramına daxildir. Bölgədə müharibə riski və təhlükəsi yoxa çıxmayıb. Bu səbəbdən də Ermənistan silahlı qüvvələrin islahatları çərçivəsində peşəkar orduya keçmək niyyətindədir. Bütün islahatlar ordu komandanlığı və peşəkar hərbçilərlə fasiləsiz məsləhətləşmələrlə aparılır”.
A.Qriqoryan daha sonra bəyan edib ki, Ermənistan ordusu ölkənin suveren ərazisini qorumağa və müdafiə etməyə hazırdır.
“Azərbaycan sürəkli olaraq Zəngəzur dəhlizindən danışır. Halbuki 9 noyabr və 11 yanvar bəyanatlarında bu dəhliz barədə bir kəlmə də olmadığından, belə müzakirələr mənasızdır. Bölgədə nəqliyyat yollarının açılması bütün kommunikasiyaların işə salınmasını ehtiva edir. Azərbaycan Zəngəzur dəhlizini istəyirsə, biz də Rusiya ilə əlaqə üçün Azərbaycan ərazisindən istifadə etməliyik. Yəni Azərbaycan dəhlizdən danışırsa, biz də Azərbaycan ərazisində dəhlizə malik olmalıyıq”, – A.Qriqoryan deyib.

Onun fikrincə, Ermənistandakı vəziyyəti cəmiyyətə olduğundan pis, Azərbaycanın narrativlərindən istifadə etməklə təqdim etmək hakimiyyətə qarşı yox, dövlətə qarşıdır.
Belə açıqlamalar Ermənistandakı “yeni savaş” çağırışları və revanşizm narrativləri sırasındadır.
Yaranmış reallıqları, bölgədəki gerçəyi görmək, anlamaq və etiraf etmək istəməyən erməni radikal müxalifətçilərlə yanaşı, hakimiyyətdə olan fiqurlar dərk etmirlər ki, Ermənistanın indi yeganə şansı Azərbaycanla sərhədin demarkasiyası ilə delimitasiyası prosesini sürətləndirərək başa vurmaq, regional nəqliyyat kommunikasiyalarını işə salmaq, Zəngəzur dəhlizinin açılması, Bakı və Ankara ilə münasibətlərin normallaşdırılması istiqamətində ilk addımların atılmasıdır.
Ermənistanda “yeni savaş”la bağlı səslənən revanşizm meylli çağırışlarla bəyanatların sonucu ermənilər üçün çox pis, fəlakətli ola bilər.
Ötənlərin uydurma tarixi, yalanlar və illüziyaları ilə yaşayan Ermənistan hələ də anlamır ki, yeni müharibəyə hazır deyil. Hazır olması üçün də ən azı 25-30 il gərəkdir.
Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Cənubi Qafqazdakı situasiyanı daha da gərginləşdirmək üçün erməni revanşistlərdən istifadə etməyə çalışırlar.
Hərbi əməliyyatların bərpası və yeni savaş isə Ermənistanın dövlət kimi mövcudluğuna ümumiyyətlə, son qoya bilər.

Nifrət, etnik dözülməzlik, ölkəni monoetnik dövlətə çevirmək siyasəti və ən pisi, istisnasız olaraq bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları mövcud Ermənistan siyasətinin məzmunudur.
Erməni cəmiyyəti isə hələ də əsrlər əvvəl uydurulmuş saxta tarixin, olmayan “xəritə”lərin, “Böyük Ermənistan” mifinin qurbanıdır.
Ermənilərinsə belə vəziyyətdən sadəcə, bir çıxış yolu var – normallaşmağa başlamaq.
Cəhdlər edilməzsə, “yeni savaş” çağırışları davam edərsə, Ermənistan tarixə qovuşacaq.
//Milli.az

