Ermənistanın Avronest Parlament Assambleyasında Gürcüstan əleyhinə səs verməsi regionda diplomatik balanslara təsir göstərə biləcək addım kimi qiymətləndirilir. Cənubi Qafqazda yeni reallıqların formalaşdığı bir dövrdə bu qərar, İrəvanın həm qonşuları, həm də Qərb tərəfdaşları ilə münasibətlərində etimad mühitinə xələl gətirə bilər. Analitiklər hesab edirlər ki, bu davranış Ermənistan siyasətində ardıcıllıq və sabitliyin hələ də formalaşmadığını nümayiş etdirir.
Editor.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Avronestdə Gürcüstan əleyhinə mövqedə səs verməsi iki ölkə arasında müəyyən narazılıqların yaranmasına səbəb olacaq:

“Bu qərar bir daha göstərir ki, Ermənistan siyasəti etibarsız və davamlılıqdan uzaqdır. Gürcüstan artıq öz narazılığını açıq şəkildə ifadə edib. Ermənistan tərəfi isə bu gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün müəyyən addımlar atmağa məcbur olacaq”.
Ekspertin sözlərinə görə, hazırda Baş nazir Nikol Paşinyan hökuməti Azərbaycanın da daxil olduğu regional proseslərdə normallaşma istiqamətində cəhdlər göstərir. Bu kontekstdə Gürcüstanla münasibətlərin qorunması və gücləndirilməsi İrəvan üçün strateji əhəmiyyət daşıyır:
“Paşinyan administrasiyası həm Azərbaycanla sülh prosesini davam etdirmək, həm də Gürcüstanla əlaqələri sabit saxlamaq istəyir. Bu, Ermənistanın Rusiya təsirindən qismən uzaqlaşmaq və regional dayanıqlılığını artırmaq strategiyasına xidmət edir. Ermənistan və Gürcüstan arasında yaranmış narazılıq dərin böhrana çevrilməyəcək. Tərəflər bu məsələ ilə bağlı qarşılıqlı diplomatik kanallar vasitəsilə addımlar ataraq vəziyyəti nəzarətə götürməyə çalışacaqlar. Bu gərginlik Cənubi Qafqazda hər hansı ciddi böhrana səbəb olmayacaq”.
//Gülnarə Abasova, Editor.az

