Ermənistan hakimiyyəti “minlərlə kilometr uzaqlıqda deyil”, qonşuları ilə əməkdaşlıqda təhlükəsizlik axtarmalıdır.
Editor.az bildirir ki. bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra televiziya ilə çıxışı zamanı deyib. Onun sözlərinə görə, yalnız belə siyasət İrəvan üçün əlverişli və effektiv ola bilər: “Erməni xalqı və onların hökuməti təhlükəsizliyini minlərlə kilometr uzaqlıqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarsalar daha yaxşı olar”. Türkiyə prezidenti həmçinin Ermənistanın siyasi rəhbərliyini Azərbaycan hakimiyyəti ilə sülh danışıqlarını davam etdirməyə və Bakının uzatdığı “dostluq əli”ni qəbul etməyə çağırıb.
Rəcəb Tayyib Ərdoğan əmindir ki, Ermənistan rəsmilərinin Qərbdən silah və hərbi texnika almağa ehtiyacı yoxdur, çünki onların savadlı siyasəti ilə regionda artıq hərbi münaqişə olmayacaq və bütün fikir ayrılıqları “diplomatiya yolu ilə” asanlıqla həllini tapacaq.
Xatırladaq ki, noyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan ona silah və sursat sata biləcək tərəfdaşlar axtarır. Eyni zamanda o, İrəvanın keçmiş tərəfdaşlarından “inciməməyi” istəyib. Baş nazirin sözlərinə görə, “İrəvan təhlükəsizlik sahəsində münasibətlərini şaxələndirməyə məcburdur” və Qərb dövlətləri də daxil olmaqla əməkdaşlığa hazırdır.
//Samir Qurbanov, Editor.az

