“Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edərək öz torpaqlarını geri qaytardı. Faktiki olaraq ölkəmiz bu çətin və qəliz problemi öz gücü hesabına həll etdi və təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistana qarşı heç bir təzyiq, sanksiya tətbiq etmədi. İşğalçı dövlətə qarşı real addımların şahidi olmadıq. Azərbaycan BMT-nin 4 qətnaməsini özü reallaşdırdı”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi.
Onun sözlərinə görə, Azərbaycan qalib ölkə olmasına baxmayaraq regionda sülhün bərqərar olması üçün bütün ilkin addımları atdı:
“Ancaq 2 ilə yaxın müddətdir ki, Ermənistan yaranmış şəraiti və ona uzadılmış sülh əlini düzgün dəyərləndirə bilmir. Qarşı tərəf hələ də sülh anlaşmasının imzalanma prosesini uzatmaqdadır. Ancaq Ermənistandan fərqli olaraq ölkəmizlə hər zaman dostluq, qonşuluq və xoş münasibət saxlayan, iqtisadi münasibətlərini inkişaf etdirən, beynəlxalq layihələrin icra edilməsinə yaxından dəstək olan Gürcüstan həmişə Azərbaycan və Ermənistan arasında vasitəçi rol oynamaq istəyib. 44 günlük Vətən müharibəsindən sonra da Gürcüstan siyasi rəhbərliyinin bununla bağlı dəfələrlə çıxışları, mövqeyinin şahidi olmuşuq. Təəssüf ki, Ermənistan həmişə liderlərin üçtərəfli formatda görüşündən yayınıb. Yalnız Xarici İşlər Nazirliyi formatında bu üçtərəfli görüşün reallaşdığını görmüşük”.
Deputatın Davosda keçirilən panel müzakirələri zamanı da Gürcüstan və Azərbaycan rəhbərliyinin görüşünə də diqqət çəkib:
“Ora da da Cənab Prezident moderatorların qeydlərinə və verdiyi suallara cavab olaraq Ermənistanın görüşdən qaçdığını vurğuladı. Biz sevinirik ki, Münhen Təhlükəsizlik Konfransında Ermənistan baş naziri Nikol Paşinyan iştirak etdi. Bu irəliyə doğru atılmış addımdır. Lakin unutmamalıyıq ki, Ermənistan tərəfi həmişə görüşlərdə fərqli bir mövqe sərgiləyir, görüş bitdikdən sonra isə çox sərsəm, əsassız, münasibətlərin normallaşmasına maneəçilik törədən, lazımsız açıqlamalarla yadda qalır. Üç Cənubi Qafqaz dövlət rəhbərlərinin iştirak etdiyi bu panel müzakirələrini irəliyə doğru atılmış addım hesab edə bilərik. Ancaq bu bizi yanıltmamalıdır. Ermənistan mövcud reallıqları qəbul etmək istəmir, öz havadalarının nəzarətindən çıxaraq Cənubi Qafqazda sülh və əminamanlığın olmasının tərəfdarı deyil. Bir sözlə, özü müstəqil qərar verə bilmir”.
Naqif Həmzəyevin sözlərinə görə, istənilən halda Azərbaycan Ermənistanı sülhə məcburetmə əməliyyatını uğurla həyata keçirməkdədir:
“Düşünürəm ki, prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət hər zaman olduğu kimi gec-tez öz bəhrəsini verəcək. Ermənistan nəhayət ki, mövcud anlaşmalar fonunda sülh sazişini imzalayacaq. Bundan sonra Cənubi Qafqazda hərtərəfli, iqtisadi inkişafın, dostluq və qonşuluq münasibətlərinin yaranmasının şahidi ola bilərik. Daha bir incə məqam ondan ibarətdir ki, regionda kommunikasiyaların açılması və üçtərəfli əlaqələrin inkişaf etdirilməsi ən çox Ermənistana lazımdır. Çünki Gürcüstan və Azərbaycanım faktiki olaraq həm Avropa, həm də Rusiya, Şərq və Qərbə çıxışları var. Azərbaycan da bunu Gürcüstan və Türkiyə vasitəsilə təmin edib. Xəzər dənizi hövzəsi dövlətləri ilə Şərqə açıla bilir, Rusiyaya həm qatar, həm də avtomobil yolları var. Ermənistanın isə Gürcüstandan birbaşa asıllılığı mövcuddur, Türkiyə ilə münasibətlərdə normallaşma getsə də hələ də tam olaraq sərhədlərin açılmasından söhbət getmir. Azərbaycanla isə heç bir münasibətləri yoxdur. Faktiki olaraq Ermənistan özü-özünü blokada vəziyyətinə salıb “.
//Safura Bənnayeva, Editor.az

