“Ermənistanda cinayətlərin sayı artacaq. Çünki onun inkişafı üçün münbit şərait yaradılıb”.
Editor.az xəbər verir ki, bunu news.am saytına müsahibəsində Ermənistan polisinin sabiq rəis müavini, vəkil Ovanis Köçəryan deyib. O bildirib ki, mövcud cinayətlərə səbəb olan faktorlar azalmır, zərərsizləşdirilmir: “Buna görə də onlar qanuni hal alır. Ermənistanda cinayətkarlığın geniş vüsət alması üçün əlverişli şərait yaradılıb”.
Köçəryanın sözlərinə görə, müşahidələr optimist proqnozlar vermək üçün əsasın olmadığını göstərir: “Cəmiyyət narahatlıq içindədir, problemlər ağırlaşır, sosial ziddiyyətlər artır, siyasi sistemdə, cəmiyyətdə də qarşıdurma hökm sürür. Bunun fonunda cinayətin azalmasından söhbət gedə bilməz”.
Qeyd edək ki, Ermənistanın Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara görə, ötən illə müqayisədə bu il həm bölgələrdə, həm də İrəvanda cinayətlərin sayı artıb.
//Müşfiq, Editor.az

