“Ermənistan qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsi olmayacaq”-ŞƏRHbackend

“Ermənistan qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsi olmayacaq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mövcud siyasi durumda dövlətlər milli qərar qəbuletmə mexanizmini daha aktiv, müstəqil və öz milli hüdudlarını qorumaq üzərindən formalaşdırır. Çünki beynəlxalq nizamı, gücü və resursları öz əllərində təmərküzləşdirən bir qrup aktorun beynəlxalq hüququ yanlış tətbiq etdiyinin şahidiyik”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, mövcud siyasi proseslərə proaktiv reaksiya göstərən Azərbaycan dövləti tərəfindən müdafiə sənayesinin inkişafı istiqamətində real addımlar atılır, yerli tərkibli müdafiə məhsullarını yaratmaq qabiliyyəti ilə əhəmiyyətli irəliləyişlər əldə edilir:

“Müasir dövrdə məhz hərbi güc beynəlxalq sistem daxilində milli davranışı formalaşdırır və sülhü təşviq edir. Güclü ordu “aktiv güc” kimi tanınan elementin tətbiqi ilə təhlükəsiz mühitin təmin edilməsi üçün kritik ehtiyacı ödəyir. Azərbaycan da bu çağırışlarla sinxron addımlayır. Müdafiə sənayesi strukturunun yenidən qurulması ilə tam müdafiə sənayesi müstəqilliyini qurmaq əsas hədəflərimizdən biridir. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi zamanı fundamental, konseptioloji əsaslı çıxışı bu günə qədər olan uğurlarımıza baxış, bir dəyərləndirmə idisə, müstəsna biliyə, yüksək siyasi təfəkkürə malik sözügedən çıxış həm də qarşıdakı dövr ərzində daxili və xarici siyasətimizin hüdudlarını müəyyənləşdirdi.

Bir daha Ermənistana da, onun havadarlarına qətiyyətli cavab verildi. Hər kəs bilməlidir ki, Azərbaycan xalqı bundan sonra da ənənəvi, milli dəyərlərə hörmətlə ən əsası isə öz dədə-baba torpaqlarında ləyaqətlə yaşayacaq. Gənc nəslin şüurunda zərərli toxumların səpilməsinin əleyhinə dövlət, məktəb və ailə səviyyəsində işlər görülməlidir və bu istiqamətdə konkret, əməli fəaliyyət həyata keçiriləcək. Siyasi, iqtisadi, hərbi və ideoloji olmaqla milli güc elementləri qarşılıqlı əlaqədə olmalıdır. Məhz bütün bunların vəhdəti və inkişafı milli məqsədə aparır”.

Ş.Həsənova bildirib ki, Azərbaycanın regionda yaratdığı reallıq məlum və görünəndir:

“Prezidentin inauqurasiya mərasimindəki tarixi çıxışı zamanı qeyd etdiyi kimi hər şey sənədləşdirilib. Bundan kənar bir reallığa cəhd belə edilərsə o zaman cavabımız daha sarsıdıcı olacaq. Ermənistan, ona havadarlıq edən qüvvələr bunu dərk etməlidir. Dövlət başçımız açıq bildirdi ki, Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Ermənistan hara və kimə pənah aparmasından asılı olmayaraq dəyişikliyə öz daxilindən başlamalıdır. Əks təqdirdə hələ çox təşvişə düşəcək, əllərində qalan yeganə şey isə acı reallıqları olacaq. Yox, əgər bunu yenə dərk etməzlərsə həqiqətin daha aydın ifadəsi provokasiyalara sərt reaksiyamızla göstəriləcək”.

//Gülnarə Abasova, Editor.az