Noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası baş tutub. Bu görüşə ev sahibliyi edən Ermənistan nə qədər böyük arzularla getsə də heç nə əldə edə bilmədi. Etibar etdiyi KTMT, əsas rol sahibi Rusiya belə Paşinyanın ümidlərini alt-üst etdi. İştirakçılar sırasında yer tutan Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan-Ermənistan münasibətlərinə öz mövqeyini hələ məlum iclasdan əvvəl də bildirmişdi.
Ermənistan üçün sarsıdıcı olan bu görüşün ardınca elə həmin gün ölkədə Putin və Lukaşenko əleyhinə çıxışlar geniş vüsət almağa başladı. Əllərində Putin və Lukaşenkonu “arzuolunmaz şəxslər” adlandırılmış plakatlar tutan etirazçılar küçələrə axın edib.
Maraqlıdır ki, bu etirazçıların təşkilində hansı qüvvələr rol oynayır?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən “Real” partiyasının icraçı katibi Natiq Cəfərli bildirdi ki, Paşinyan və komandası Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirmək üçün cəmiyyətdə olan “AntiRusiya, AntiPutin” əhval-ruhiyyəsindən istifadə etməyi düşünür:
“44 günlük Vətən müharibəsində Rusiyanın Ermənistana dəstək vermədiyi fikrini yaymağa çalışırlar. İndi də KTMT-nin üzvü olmasına baxmayaraq yenə də ciddi hərbi dəstək almadığını vurğulamağa cəhd edir. Paşinyanın əsas məqsədi cəmiyyətə Rusiya və KTMT-nin Ermənistana dəstək vermədiyini və Qərbə inteqrasiyanın onlar üçün ən uyğun seçim olduğunu göstərməkdir. Bu etirazların təşkilatçısı da çox güman ki, hakim komandanın üzvləri və onlara yaxın olan siyasi qüvvələrdir. Aksiyaların təşkili də həmin fikirlərin cəmiyyətə daha tez yayılmasını təmin etmək üçün nəzərdə tutulub”.
//Safura Bənnayeva, Editor.az

