“ABŞ bəyan etdiyi kimi Azərbaycan və Ermənistan arasında sülhdə maraqlıdır. Burada bir sıra geosiyasi oyunların olmasına rəğmən Vaşinqtonun niyyətində səmimi olduğunu qeyd etmək olar. İstər Azərbaycan, istərsə də Ermənistan ABŞ-ın maraq dairəsində olan ölkələrdir. ABŞ-ın maraqları fərqli olsa da, iki ölkə arasında sülh bağlanmasına çalışır. Hər iki ölkənin təhlükəsizliyi ABŞ üçün regionda prioritet məsələdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, Ermənistan regionun ən zəif ölkəsi kimi ABŞ-la əməkdaşlıqdan çox şey gözləyir:
“Azərbaycan isə artıq ABŞ-la bərabərhüquqlu tərəfdaşlıq çərçivəsində əməkdaşlığını uzun illərdir ki, yürüdür. Bu baxımdan ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasında heç bir mənfi maraqları yoxdur. Son dövrlər bu təmasların səngiməsi ABŞ-da baş verən proseslərlə əlaqədardır. Prezident seçkiləri yaxınlaşdıqca ABŞ öz daxili məsələlərinə fokslanır. Co Baydenin seçki yarışından çəkilməsi, Kamella Harrisin onun yerinə namizəd olması, Trampa sui-qəsd, ümumiyyətlə, ABŞ-da növbəti prezident seçildikdən sonra dünyada yaranacaq siyasi konyukturdan gözləntilər bütün bu seçkidə maraqlı olan tərəflərin hər birini gözləmə mövqeyi tutmağa vadar edib. Bu baxımdan da Vaşinqtonun Bakı və İrəvana səfərləri hələlik dayanıb. Hesab edirəm ki, bu bir müddət belə davam edəcək. Seçkilərin nəticəsi bütün dünyada çox maraqlı dəyişikliklərə səbəb olacaq ki, maraqlı tərəflər də buna görə öz planlarını hazırlayırlar”.
//Gülnarə Abasova, Editor.az

