“Ermənistan artıq Rusiyaya dost ölkə olmadığı barədə söylənən fikirlər Ermənistanın Rusiya ilə iqtisadi əməkdaşlığından Qərbin diqqətini yayındırmağa hesablanıb. Çünki Ermənistanın Rusiya ilə siyasi münasibətlərində gərginlik olduğunun nümayiş etdirilməsi Qərbdən davamlı dəstək almaq məqsədi daşıyır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, Rusiyaya qarşı ittihamlar gücləndikcə Qərb Ermənistana daha çox maliyyə ayırır və siyasi dəstək göstərir:
“Amma reallıqda Rusiya Ermənistana heç düşmən deyil. Belə ki, Rusiya hərbi bazası Ermənistandadır. O cümlədən, Rusiya sərhədçiləri Ermənistanın sərhədlərini qoruyur. Həm də Ermənistanın ən böyük ticarət dövriyyəsi Rusiya ilədir. Əgər Rusiya Ermənistanla iqtisadi əlaqələrini dayandırsa, Ermənistan qısa bir zaman kəsiyində müflisləşəcək. Ona görə də Ermənistan Rusiya ilə dostluğunu davam etdirməyə məcburdur. Amma Ermənistanın göstərdiyi siyasi tamaşa Qərbdən dəstəyini genişləndirmək və Azərbaycana qarşı yenidən ərazi iddialarını canlandırmaq məqsədi daşıyır. Belə ki, Qərb Ermənistana görə beynəlxalq hüququ ayaq altına ataraq Azərbaycana qarşı qarayaxma kampaniyalarına əl atmaqla təzyiqini genişləndirməyə çalışır. Təbii ki, Azərbaycan ona qarşı olan qüvvələrə cavabını vaxtında adekvat şəkildə verir və ona qarşı yenidən təhdid yaratmağa heç zaman imkan verməyəcək”.
//Gülnarə Abasova, Editor.az