Ermənistan hakimiyyəti Rusiya telekanallarının bağlanmasını müzakirə edir.
Editor.az bildirir ki, bu barədə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Lusine Badalyan məlumat verib. Ölkədə Rusiyanın “Pervıy kanal”ı, “RTR Planeta”, “Rossiya. Kulltura”, Mədəniyyət” və “Mir” ictimai multiplekslər vasitəsilə yayımlanır.
“Təbii ki, bu məsələlər müzakirə olunur, müvafiq idarələr qəbul edilən qərarla bağlı açıqlama verəcəklər”, – deyə xanım Badalyan “Factor.am”a bildirib. Onun sözlərinə görə, bu, dövlət təhlükəsizliyi məsələsidir, çünki Rusiya telekanallarının məzmunu “anti-erməni” xarakter alıb.
Sentyabrın 24-də Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan Rusiya mətbuatını Ermənistana qarşı “hibrid müharibə” açmaqda ittiham edib. O, NTV-nin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarını işıqlandırmasına belə münasibət bildirib. Telekanal nümayişçilərin hökumət binasına soxulduğunu iddia etsə də, hakimiyyət bunu təkzib edib.
İrəvan “Mətbuat Klubu”nun rəhbəri Boris Navasardyan bildirib ki, Ermənistanın Televiziya və Radio Komissiyası hökumətə “Pervıy Kanal və “Rossiya-1”in multipleks yayımı haqqında hökumətlərarası sazişin ləğvinə imkan verən “hüquqi əsaslar” təqdim edib. Eyni zamanda, onlar alternativ platformalar üzərində işləməyə davam edəcəklər, – deyə o qeyd edib.
//Samir Qurbanov, Editor.az