“Rusiyanın iki yüz illik Qafqaz siyasəti tarixində ilk dəfədir ki, bu qədər ziqzaqlarla, qeyri-müəyyənliklərlə doludur. Hadisələrin təhlili göstərir ki, Rusiyanın yeni Qafqaz siyasətinin formalaşması xeyli zaman alacaq. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı Qafqazın siyasi-iqtisadi, eləcə də hərbi-strateji taleyini dəyişdi və yeni reallıqlar, yeni status-kvo yaratdı”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Onun sözlərinə görə, Azərbaycanın yaratdığı yeni reallıqlarla region və qeyri-region ölkələri hesablaşmalıdır və hesablaşacaqlar:
“Rusiyanın müxtəlif səbəblərdən, Qərbin sanksiyaları, Ukrayna savaşı, daxili problemlər Cənubi Qafqaz regionunu tərk etməsi Ermənistan kimi dövlətçilik ənənəsi və təcrübəsi olmayan ölkələri çətin vəziyyətdə yol ayrıcında qoyur. Əslində Ermənistan Rusiyadan qopmur, tam əksinə Rusiya Ermənistandan imtina edir.
Rusiya Ermənistanı hərbi-siyasi platformada tərk etməsi Ermənistanın tələbi ilə deyil, Azərbaycanın yaratdığı reallıqlar səbəbindən baş verir. Ermənistanın KTMT-də qalıb-qalmaması heç nəyi dəyişmir və ya KTMT-dan çıxması onun Aİ-na üzv olacağı anlamına da gəlmir. Bir sözlə, Ermənistanın gələcəyi ilə bağlı nə erməni ictimai rəyində, nə iqtidarda, nə də müxalif düşərgərdə aydın və konkret bir düşüncə, bir plan yoxdur ki, bu da Ermənistanın gələcəyi ilə bağlı bədbinlik yaradır”.
//Gülnarə Abasova, Editor.az