“Son günlər Ermənistan tərəfindən törədilən təxribatlar, bunun nəticəsində Azərbaycan tərəfinin şəhid verməsi son Soçi görüşündə əldə olunan razılığa Ermənistanın növbəti dəfə hörmətsiz yanaşmasının göstəricisidir. Əslində bu, Ermənistan daxilində iqtidar- ordu arasındakı əlaqənin itməsini göstərir”.
Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi, politoloq Əhməd Şahidov deyib.

Onun sözlərinə görə, Ermənistan həm də Rusiyanı şantaj etməklə məşğuldur:
“Çünki 15 dekabr Brüsseldə Bakı-İrəvan arasında görüşün tarixi razılaşdırılandan dərhal sonra, Soçi görüşü ortaya çıxdı. Bununla Rusiya təşəbbüsü ələ aldı. Tərəflər arasında müəyyən razılaşmalar, mətbuata açıqlamalar oldu. Soçi görüşünün ardından Mosvkada Ermənistan və Azərbaycan hökümət nümayəndələri texniki məsələlərlə bağlı görüşdülər. Bu məsələ Rusiyanın regiondakı nüfuzunun davam etdiyini göstərir. Məhz Qərbin diktəsi ilə Ermənistan bu cür təxribatlara əl atmaqla həm də Rusiyanı şantaj edir. Yəni, tərəflər arasında hələ də razılaşmanın əldə olunmadığını, Rusiyanı vasitəçiliyinin effektsiz olduğunu göstərməyə çalışır. 15 dekabr Brüssel görüşü üçün zəmin hazırlayır ki, yəni Avropa ölkələri ABŞ, Fransa bölgəyə yenidən daxil olsun”.
Politoloq bildirib ki, Nikol Paşinyan Ermənistanın gələcəyi üçün təhlükə törədəcək ikili oyun oynayır:
” Ermənistan üzdə Rusiya ilə xoş davransa da pərdəarxası Rusiyanı şantaj etmək, bölgədəki vasitəçilik missiyasına kölgə salmaq üçün bu cür təxribatlara əl atır və proseslərə Qərbi cəlb etmək istəyir. Çünki Rusiyadan başqa ABŞ və Fransa da ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Amma 44 günlük müharibədən sonra sanki bu iki həmsədr ölkə regionda bütün nüfuzunu itirdi və təşəbbüs Rusiyanin əlinə keçdi. Düşünürəm ki, bu təxribatlar yenidən Ermənistanın başında çatlayacaq. Çünki hər dəfə ermənilərin belə təxribatçı əməllərinin qarşısı qətiyyətlə Azərbaycan Ordusu tərəfindən alınır. İkili standartlar, oyunlar Ermənistan dövləti üçün ağır faciələrə gətirib çıxaracaq. Digər tərəfdən Rusiya da bu məsələlərdə müəyyən məsuliyyət daşıyır. Çünki üçtərəfli razılaşmalarda Rusiyanın da imzası var. Ona görə də atəşkəsin pozulması, Ermənistanın sərhəddəki təxribatları ilə bağlı rəsmi Moskva məsuliyyət daşıyır. Bu baxımdan düşünürəm ki, rəsmi Kreml erməni təxribatlarına daha kəskin reaksiya verməli və Nikol Paşinyan iqtidarını məcbur etməlidir ki, Moskva və Soçi razılaşmalarına tamamilə əməl etsin”.
//Gülnarə Abasova, Editor.az

