Ermənistanda yaxınlaşan seçkilər öncəsi siyasi gərginlik artır. Keçmiş hakimiyyət təmsilçiləri – xüsusilə Robert Koçaryan və Serj Sarkisyan kimi şəxslər hazırkı hökumətə qarşı təzyiqləri artırmaqla, ictimai narazılığı qızışdırmağa çalışırlar. Analitiklərə görə, bu, həm seçkiöncəsi siyasi manipulyasiyaların tərkib hissəsidir, həm də regiondakı güc balansını yenidən formalaşdırmaq cəhdidir.
Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca Koçaryan və Sarkisyan kimi ünsürlər bütün vasitələrdən istifadə edirlər ki, hakimiyyətə qarşı etirazları artırsınlar:

“Koçaryan hərbi büdcənin azaldılmasını Ermənistanın maraqlarına zidd və məsuliyyətsiz addım kimi təqdim edir. O, Azərbaycan və Ermənistan liderlərinin bağlı qapılar arxasında apardığı danışıqlar barədə məlumatsızlığa istinad edərək, Paşinyanı ‘şifahi vədlərlə hərəkət etməkdə’ ittiham edir. Halbuki Robert Koçaryanın özü bağlı qapılar arxasında hansı oyunlardan çıxdığını, azərbaycanlılara qarşı etnik zəmində törədilən vəhşilikləri nə tarix, nə də xalqımız unutmayıb. Biz onlara döyüş meydanında cavabımızı verdik, qisasımızı aldıq”.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib – Ermənistanın militarlaşdırılmasına icazə verilməyəcək:
“Əgər masa üzərində sülh müqaviləsi bizi gözləyirsə, təbii ki, militarizasiya olmayacaq. Bizə balanslı sülh deyil, dayanıqlı sülh lazımdır, bu da delimitasiya və demarkasiyadan keçir. Koçaryan isə xalqı sülhdən yayındırmaq üçün Budapeştdəki hadisələri xatırladaraq revanşist ab-hava yaratmağa çalışır. Lakin bu cəhdlər nəticəsiz qalacaq”.
Şəbnəm Həsənovanın sözlərinə görə, Koçaryanın Rusiyadan maliyyə və siyasi dəstək istəkləri də cavabsız qalıb:
“Rusiya yaxşı anlayır ki, Koçaryan artıq xalqı mobilizasiya edə biləcək fiqur deyil. Hələlik ondan istifadə üçün müəyyən maraq qalır, amma bu, Paşinyana real alternativ yaratmaq gücündə deyil. Moskva yalnız o zaman yeni namizədə dəstək verər ki, onun Paşinyana qarşı siyasi potensialı görünsün. Hazırda erməni cəmiyyətində belə bir şəxs yoxdur”.
Politoloq qeyd edib ki, Nikol Paşinyan da bu vəziyyəti düzgün dəyərləndirir və ictimaiyyətlə birbaşa təmaslara üstünlük verir:
“Paşinyan seçkiöncəsi proseslərdə xalqın içərisinə enərək uçurum yaradılmasına yönəlmiş cəhdlərin qarşısını alır. Onun keçmiş liderləri debatlara çağırması da populist addım deyil, prinsipial mövqe ifadəsidir. O, hələ müharibədən dərhal sonra Ermənistanın düşdüyü vəziyyəti dəyərləndirərək keçmiş hakimiyyətin səhvlərini açıq şəkildə tənqid etmişdi. Bu debatda da onun deyəcək sözləri çoxdur – və haqlıdır”.
Ekspertin fikrincə, Rusiya bölgədəki nüfuzunu qorumaq üçün köhnə müttəfiqlərindən hələlik taktiki şəkildə istifadə edir:
“Rusiya Zəngəzur dəhlizinə qarşı çıxmağın mümkünsüzlüyünü anlayır, amma tam geri çəkilməmək üçün ‘suyu bulandırmağa’ çalışır. Bu, onun bölgədəki varlığını qorumaq üçün son vasitələrdəndir. Hərçənd, Rusiya regionu ABŞ-a tam güzəştə getmək niyyətində deyil. Hazırda güc balansı formalaşır və iqtisadi dəhlizlər bu prosesdə əsas amillərdəndir. Rusiya üçün dəhlizlər həm strateji, həm də iqtisadi baxımdan əhəmiyyətlidir”.
// Gülnarə Abasova, Editor.az

