“Ermənistan Rusiyanı azərbaycanlı dinc etirazçılara qarşı hərəkətə keçməsinə sövq edir. Ermənistan baş naziri hökümət iclasında qeyd edib ki, “Dağlıq Qarabağ xalqı”qarşısında konkret öhdəliklər götürmüş Rusiya Federasiyası vəziyyəti necə dəyərləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün hansı planların və yol xəritəsinin olduğunu izah etməlidir. Əgər bölgədə “təhlükəsizliyi və sabitliyi” təmin edə bilmirsə, əraziyə əlavə çoxmillətli sülhməramlı kontingent göndərilsin” kimi verdiyi açıqlamalar təxribat xarakterlidir. Bütün bunlar Azərbaycan və Rusiya əlaqələrinin korlanmasına hesablanıb”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, N.Paşinyanın fəaliyyəti antiRusiyadır:

“Məqsəd isə Rusiya və yunanlardan ibarət “beynəlxalq sülhməramlıları”Qarabağa göndərməkdir. Azərbaycan bunu heç vaxt qəbul etməz. Rusiya tərəfi də qeyd edir ki, rəsmi Bakının icazəsi olmalıdır.Ermənistan ölkəmizə qarşı separatizmi dəstəkləməkdən əl çəkmir. Humanitar məqsədlərlə açılan dəhlizdən Ermənistan silah-sursat göndərdiyinə görə indiki vəziyyətdən narahatdır. Nikol Paşinyanın siyasi iradəsinin olmadığını görürük. Tutduğu mövqe konkret olaraq sülh və təhlükəsizliyi təhdid edir və müharibəni gündəmə gətirir. Azərbaycan bu gün regionda geosiyasi şərtlər yaradıb, onları diktə edir. Ermənistan da bununla razılaşmalıdır. Nə Fransa, nə də digər ölkələr öz kontingentini regiona gətirə bilməz. Burada Türkiyə və Rusiya faktoru var. Paşinyan qan tökülməsinin tərəfdarıdır ,amma, istəyinə nail olmayacaq”.
//Safura Bənnayeva, Editor.az

