“Son günlər Ermənistanın hərbi-siyasi təxribatlarının intensivləşdiyini müşahidə edirik. Məğlub ölkənin silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması davamlı hal alıb. Təbii ki, bu, ilk növbədə, beynəlxalq hüquq normalarının və üçtərəfli Bəyanatın tələblərinin pozulması faktı kimi regional sülhə və təhlükəsizliyə qarşı yönəlib”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloq vurğulayıb ki, Ermənistan bəzi regional güc mərkəzlərinin direktivləri əsasında imitasiya və təxribatla məşğuldur:
“Son günlər Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini ardıcıl olaraq atəşə tutması təsadüfi deyil. Səbəb Azərbaycanın yaratdığı yeni reallıqlara münasibətdə siyasi həzmsizlik sindromu yaşayan bəzi regional güc mərkəzlərinin pozuculuq niyyətindən qaynaqlanır. Eyni zamanda, məqsəd artıq tarixə qovuşmuş münaqişənin hələ də mövcudluğu görüntüsü yaratmaq və bəhs olunan güc mərkəzlərinin bəzi məhdud, dağıdıcı maraqlarının təmininə nail olmaqdır. Amma Azərbaycanın yaratdığı, bütün region üçün rifah və inkişaf vəd edən yeni geostrateji reallıqlar bu xaotik plan və niyyətləri puç edir. Ən əsası, bəzi regional güclərin bu cür mövqe və vasitələrlə Türk dünyası coğrafiyasının Avrasiyanın geoiqtisadi cazibə mərkəzindən geosiyasi qüvvə qütbünə çevrilməsinin qarşısını alması mümkün deyil. Eyni zamanda, bütün bu proseslərin fonunda gün Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ilə bağlı manipulyasiya cəhdlərini müşahidə edirik. Lakin reallıq budur ki, Zəngəzur dəhlizi Asiyadan Avropaya uzanan geniş coğrafiyada “heartland” nöqtələrindən birinə çevriləcək. Ən əsası, yeni mərhələdə – postkonflikt erasında Azərbaycan və Türkiyənin birgə strateji təşəbbüsləri dünya siyasətində yeni miladın başlanğıcı olacaq. Bu geostrateji gerçəkliklər fonunda beynəlxalq münasibətlər sistemində çoxqütblü idarəetmə sisteminə transformasiya – keçid labüddür”.
//Gülnarə Abasova, Editor.az

