Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb. O, bu barədə “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib. Baş nazirin sözlərinə görə, 16 maddədən üçü qismən razılaşdırılıb.
Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, Paşinyan hesab edir ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək:
“Paşinyan qeyd edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır və yaxın vaxtlarda sülh və münasibətlərin qurulması ilə bağlı razılaşdırılmış sənədi imzalamağa hazır olduğumu təsdiq edir. Tərəflər arasında konkret olaraq neçə maddənin razılaşdılması barədə rəsmi Bakı hələ ki, informasiya yaymayıb. İrəvanın real rəqəmi təhrif etməsi mümkündür. Hazırkı mənzərə təxminən belədir: İkitərəfli təmaslar və xüsusilə Azərbaycanın səyləri, siyasi iradəsi nəticəsində münasibətlərin normallaşması istiqamətində müəyyən yol qət edilib. Bu, aydın görünür. Ermənistan da bunu etiraf edir. Əvvəl də dediyimiz kimi, Ermənistan sülhlə bağlı əməldə dediklərini sülhdə təsdiq edə bilmir.
Məsələ burasındadır ki, Azərbaycan artıq humanistlik edib: qalib tərəf olmasına baxmayaraq, Ermənistana sülh əlini uzadıb. Üstəlik ikitərəfli təmaslar nəticəsində normallaşma istiqamətində müəyyən irəliləyişin əsas səbəbləri məhz rəsmi Bakının qətiyyəti, prinsipiallığı və diplomatik məharətidir. Ermənistan hakimiyyəti bunu başa düşür. Və başa düşdüyü halda sülhdən yayınır.
Əvvəl də dediyimiz kimi, Azərbaycan sülh və regional əməkdaşlıqda maraqlıdır. Amma sülh bu gün Bakıdan daha çox qarşı tərəfə lazımdır. Ona görə ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib. Həmçinin Bakı bu gün nəinki Cənubi Qafqazın, beynəlxalq geosiyasi müstəvinin əsas oyunçularından olmaqla müstəqil xarici siyasət kursuna malikdir. Bu isə o deməkdir ki, Azərbaycanın nə təhlükəsizliyi, nə də müstəqilliyi heç bir məqamdan, o cümlədən sülhdən asılı deyil. Ermənistan üçün isə durum fərqlidir”.
K. Novruzov bildirib ki, rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında faktiki olaraq siyasi poliqona çevrilib:
“Gələcəkdə Ermənistanın Ukraynanın taleyini yaşaması, hərbi toqquşma meydanına çevrilməsi də mümkündür. Yəni zaman Ermənistanın əleyhinə işləyir. Belə bir şəraitdə İrəvana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən ideal variant Bakı və Ankara ilə münasibətlərin normallaşmasıdır. Amma Ermənistan özünü bu imkandan məhrum edir. Ermənistan hakimiyyəti, bəlkə də sülhün alternativinin olmadığını şüurlu şəkildə anlayır. Amma əməli addımların atılması üçün lazımi siyasi iradə ortaya qoya bilmir. Çünki Ermənistan bu gün faktiki olaraq Qərbin, xüsusilə ABŞ və Fransanın təsiri altındadır. Adı çəkilən dövlətlər özlərinin regional maraqlarını təmin etmək, o cümlədən bölgəyə soxulmaq üçün İrəvandan istifadə edirlər. Ermənistanın sürətlə silahlandırılması əslində məhz buna- destruktiv maraqların reallaşmasına xidmət edir.
Ermənistanın sülhdən yayındığını göstərən bir neçə amil var:
1. Azərbaycanın göndərdiyi təkliflər paketinə hər dəfə dəyişiklik edərək vaxt qazanmaq istəyi;
2. Prinsipial məsələlərlə bağlı Bakı ilə razılığa gəlməməsi;
3. Azərbaycanın əsas tələbinə müvafiq olaraq hələ də konstitiya dəyişikliyini gündəmə gətirməməsi;
4. Artan hərbi təxribatlar.
Ehtimal ehtimal etmək olar ki, Ermənistanın hazırkı destruktiv mövqeyinin arxasında məhz Qərb dayanır. Çünki rəsmi İrəvanın “pultu” bu gün Paris və Vaşinqtonun əlindədir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan qərarını verib: sülh olmayacaq”.
//Gülnarə Abasova, Editor.az