“ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun İrəvana səfəri və Ermənistan rəsmiləri ilə görüşlər keçirməsinin ATƏT-in Minsk Qrupunun buraxılması ilə əlaqələndirilməsi mahiyyət etibarilə prosesin buna doğru getməsi ilə bağlıdır. Amma Ermənistanın buna ehtiyatla yanaşdığı da bir gerçəkdir”.
Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
O bildirib ki, Ermənistan sülh müqaviləsi imzalanmamış Minsk Qrupunu ləğv etməyə tələsmir:
“Təsadüfi deyil ki, Paşinyan bu qrupun sülh müqaviləsinə imza atılan gün buraxılması təklifini irəli sürmüşdü. Ermənistanın ciddi şəkildə təhlükəsizlik problemi var və ölkə təhlükəsizlik zəmanətləri axtarışındadır. Ermənistanın özünə olan özgüvəni tamamilə məhv olub. Onlar hər an Azərbaycandan təhlükə gözləyirlər. Bu da təbiidir. Azərbaycan Ermənistanın onun şərtləri ilə sülh müqaviləsi imzalamasını təkid edir. İrəli sürülən şərtlər bəllidir. Başda Zəngəzur dəhlizinin açılması, Naxçıvana maneəsiz keçid bu şərtlərə daxildir.
Bu məsələ Ermənistan gündəminə ciddi şəkildə oturub. Onlar başa düşürlər ki, xoş-zor bu dəhlizi Azərbaycan açacaq. Feridun Sinirlioğlunun bu səfəri əslində Ermənistanda müəyyən qənaətləri hasil etməyə hesablanıb ki, Ermənistan özünü rahat hiss etsin. Azərbaycanın şərtlərinin qəbul edilməsinin Ermənistan üçün nəticələrinin uğurlu olacağına inandırsın. Hesab edirəm ki, səfərin məqsədi öz həllini tapacaq. Ermənistan regionda ona vəd edilən təhlükəsizlik qarantiyasına tapacaq və ilk növbədə özünü bəlalardan qoruyan addımı atacaq. Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalayacaq. Minsk Qrupunu Paşinyanın istədiyi kimi sülh müqaviləsi imzalanan gün də buraxmaq olar. İmkan vermək lazımdır ki, Paşinyan da özünün siyasi fiqur kimi prosesdə söz sahibi olduğuna inansın”.
//Gülnarə Abasova, Editor.az