“Son antiterror əməliyyatlarımızdan və onun nəticəsi olaraq ərazi bütövlüyümüzü bərpa etməyimizdən sonra sülh sazişi bizim üçün əvvəllər olduğu qədər önəm kəsb etmir” .
Bunu Editor.az-a açıqlamasında AĞ Partiya sədrinin müavini Kamran Məmmədli bildirib.
Onun sözlərinə görə, əvvəllər Ermənistan sülh sazişindən qaçır, müxtəlif bəhanələrlə dialoq prosesindən yayınırdı:
“Çünki onların Qarabağ bölgəsinə ümidləri var idi, indidə eynən biz bu prosesi uzatmalıyıq. Artıq Xankəndidə, Xocalıda, Xocavənddə bizim üç rəngli bayrağımız dalğalanır. Biz ərazi bütövlüyümüzü tam bərpa etmişik . Sülh sazişi imzalanarsa bizim üçün ciddi nəsə dəyişəcəkmi? Bundan sonra sülh sazişi üçün Ermənistan daha çox can atacaq. Çünki onların narahatlıqları var. Rusiya ilə gərginliyin fonunda Paşinyan çox narahatdır .
Rusiya ya daxildəki 5-ci kalonun vasitəsi ilə ya da ki, birbaşa özü müdaxilə edərək Paşinyan hakimiyyətini devirə bilər, və yaxud Ukraynada olduğu kimi ərazi iddiası irəli sürə bilər” .
K.Məmmədlinin fikrincə, istənilən halda Azərbaycan bu gərginlikdən yararlana bilər:
“Gələcəkdə elə bir situasiya yarana bilər ki, biz Rusiyanın Ermənistanla gərginliyindən istifadə edərək Zəngəzur və Zəngəzur dəhlizi kimi məsələləri də həll edə bilərik .
Bu baxımdan Paşinyan çox tələsir. Alma-Ata bəyannaməsini də gündəmə gətirməsi təsadüfi deyil. Ermənistan bununla öz ərazilərini qarantiyaya almaq istəyir. Niyə biz masa arxasında 1975 -ci ilin xəritələri və yaxud Alma-Ata bəyannaməsini müzakirə etməliyik?
Biz dialoq masasına alternativlər təqdim etməliyik. Lazım olarsa, 1950- ci, 1920-ci ilin xəritələrini də gündəmə gətirməliyik .
Necə ki, ölkə başçısı İlham Əliyev ara-sıra müsahibələrində bunu dilə gətirir. Çünki Sovet hakimiyyəti dönəmində müxtəlif vaxtlarda bizim bir çox ərazilərimiz Azərbaycan xalqının iradəsi olmadan ermənilərə verilmişdi. Bu baxımdan biz çalışmalıyıq ki, bu xəritələri də gündəmə gətirək və sülh sazişinin əsas mövzusu olsun”.
//Safura Bənnayeva, Editor.az

