“Aydın görünür ki, Ermənistan hazırkı geopolitik təzyiqlər fonunda ciddi tərəddüdlər və daxili ziddiyyətlərlə qarşı-qarşıyadır. İqtidar hər nə qədər sülhə dair müsbət bəyanatlar versə də, bu istiqamətdə əməli addımlar atmaqda davamlı şəkildə yubanır”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Onun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü və davamlı sülh üçün əsas sayılan şərtlər rəsmi İrəvan tərəfindən prinsipial olaraq qəbul edilsə də, onların həyata keçirilməsində heç bir real irəliləyiş müşahidə edilmir:
“Bu da, haqlı olaraq, Azərbaycanda qarşı tərəfin prosesi süni şəkildə uzatdığı və sadəcə vaxt qazandığı qənaətini gücləndirir. Mühüm məqamlardan biri Ermənistan Konstitusiyasında hələ də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının mövcud olmasıdır. Həmçinin, 30 illik münaqişə dövründə heç bir real nəticə verməyən ATƏT-in Minsk Qrupunun formal olaraq saxlanması da sülh müqaviləsinin yekun şəkildə imzalanmasına maneə yaradır.
Eyni zamanda, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır. 30 ildir blokada şəraitində olan regional kommunikasiya xətlərinin bərpası üçün bu məsələ açıq və qəti şəkildə həll olunmalıdır.
Lakin hazırda Ermənistandakı daxili siyasi vəziyyət bu məsələlərin həlli üçün nikbin proqnoz verməyə imkan vermir. Başda erməni apostol kilsəsi olmaqla, Rusiya yönümlü biznes dairələri və daşnakçı millətçi qüvvələr sülh müqaviləsinin imzalanmasına açıq müqavimət göstərməkdədir”.
Politoloq qeyd edib ki, bununla belə, baş nazir Nikol Paşinyanın Əbu-Dabi görüşündən sonra verdiyi bəyanatlar göstərir ki, hökumət bu daxili təzyiqləri neytrallaşdırmaq və sülh gündəliyini irəli aparmaq üçün mövcud imkanlardan istifadə etməyə hazırdır:
“Ermənistan hakimiyyəti yubanmadan Konstitusiyada dəyişikliklərə getməli, ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməli və Zəngəzur dəhlizinin açılmasına dəstək göstərməlidir.
Bu addımlar regionda davamlı sülhün və qarşılıqlı əməkdaşlığın bərqərar olması üçün əsas şərtlərdir”.
//Gülnarə Abasova, Editor.az

