“Ermənilər heç bir zaman imzaladıqları sənədlərə əməl etməyiblər. 10 noyabr üç tərəfli bəyannamə ilə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi də buna nümunədir”.
Bunu Editor.az-a AĞ Partiya başqanı Tural Abbaslı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Dağlıq Qarabağda ciddi humanitar böhran var. Vəziyyət əsl humanitar fəlakətə yaxındır. Əgər biz həll yolu tapa bilməsək və Azərbaycan blokadanı dayandırmasa, yer üzündə baş verən humanitar fəlakət, əlbəttə ki, danışıqlar prosesi üçün öz mənfi nəticələrini verəcək”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın güclü ordusu var və bu gücdən istifadə edərək ədaləti bərpa etməlidir:
“30 il beynəlxalq aləmdən ədalət gözlədiyimiz halda 44 gün içərisində Azərbaycan ordusu öz ərazilərini işğaldan azad etdi. İstər sərhədlərin delimitasiya və demarkasiyası, istərsə də Qarabağdakı separatçıların çıxarılması məsələsində bu yoldan istifadə etmək olar. Ermənilər heç bir halda sülhə hazır deyil. Digər tərəfdən Qarabağla bağlı məsələlərin Ermənistana heç bir aidiyyatı yoxdur. Qarabağ Azərbaycan ərazisidir və baş verən hadisələr də rəsmi Bakının daxili işidir. Yol-hərəkət qaydalarını özü tənzimləyir və bu, heç bir halda blokada hesab edilmir. Əgər Xankəndində kimlərsə ərzaq çatışmazlığından əziyyət çəkirsə, Azərbaycan Ağdam-Xankəndi yolundan istifadə edərək istənilən humanitar xidmətləri əldə edə biləcəklərini qeyd edib. Konkret mövqeyimizi ortaya qoymalıyıq ”
//Safura Bənnayeva, Editor.az

