Ermənistan tamamilə məhv ola bilər – İrəvan çıxa bilməyəcəyi bataqlığa düşürbackend

Ermənistan tamamilə məhv ola bilər – İrəvan çıxa bilməyəcəyi bataqlığa düşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda keçirilən mitinq iştirakçıları bütün uğursuzluqları Nikol Paşinyanın üzərinə yükləyir, bununla da illər ərzində buraxmış olduqları səhvləri, məsuliyyətləri öz boyunlarından atırlar. Lakin illər ərzində qürrələndikləri “yenilməz ordu” mifi məhz onların hakimiyyəti illərində dövriyyəyə buraxılaraq dünyada tirajlanırdı. Amma reallıq göstərdi ki, elə dövlət başçımızın da ifadə etdiyi kimi sinələrinə taxdıqları, heç kimə lazım olmayan dəmir-dümürlər də köməklərinə gəlmədi”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, müxalifətçilərin səsləndirdikləri şüarlar, tələblər Ermənistanı bir daha çıxa bilməyəcəkləri bataqlığa qərq edə bilər:

“Hər şeydən öncə aydın məsələdir ki, ordu quruculuğu bir ilin, beş ilin işi deyil. Azərbaycanın yerlə bir etdiyi “ordu” illər ərzində məhz Serj Sarkisyan və Robert Köçəryanın zamanında formalaşdırılmışdı. Azərbaycan illər ərzində ordu quruculuğu işində əməli addımlar atarkən bunlar vəzifə hərisliyi, ölkənin ordu quruculuğuna ayrılan pulları mənimsəmək, kənardan aldıqları direktivləri icra edərək özlərinin və xarici dairələrin maraqlarını təmin etməklə məşğul idilər. Ermənistanın gələcəyi naminə bir addım belə atmayanların adı düşmənçiliyin qızışdırılması, soyqırımı halları ilə birbaşa bağlıdır.

Rusiyada müəyyən çevrələr “Qarabağ klanı”nı dəstəkləyirlər və bunu mətbuatda daha da qızışdırır, tirajlayırlar. Dəstək Rusiya ilə yanaşı ABŞ, Fransada olan kənar qüvvələr tərəfdən də müxalifətçilərə xüsusi şəkildə ötürülür.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycan xalqına o mesajı aydın şəkildə ötürür ki, necə bir düşmənlə üz-üzə olduğumuzu unutmalı deyilik. Tarixi hadisələrin axışı və nəticəsi göz önündə saxlamalı olduğumuz bir reallığı da aydın görməyə bizə imkan verir ki, baş verən bütün bu etiraz aksiyaları böyük oyunun kiçik səhnələridir və müəyyən mənada hər bir tərəfin maraqlarına xidmət edir, yəni təsir vasitəsi kimi rıçaqlarını əllərində saxlaya bilsinlər. Sabah lazım olan məqamda iddia edilsin ki, sülh müqaviləsinin imzalanması lokal səviyyədə cəmiyyət tərəfindən dəstəklənmədi. Bu baxımdan dövlət başçımızın da bildirdiyi kimi hərtərəfli ayıq-sayıq olmalıyıq.

Nikol Paşinyan qətiyyət göstərməlidir. Müxalifətçilərin səsləndirdikləri şüarlar, tələblər Ermənistanı bir daha çıxa bilməyəcəkləri bataqlığa qərq edəcək. Müharibədən öncəki ritorikanı yenidən gündəmə gətirmək yolverilməzdir. Düzü, hakimiyyət dəyişikliyinin olacağını düşünmürəm. Hətta olacağı ehtimalını fərz etsək belə bu, qəti Sarkisyan və Köçəryan cütlüyündən biri olmayacaq. Hər bir halda kimin gəlməsindən asılı olmayaraq Ermənistan siyasi, iqtisadi, hərbi baxımdan müharibə aparmaq gücünə malik deyil. Hakimiyyət dəyişikliyi olsa belə sənədlər yenə qüvvədədir, öhdəliklər icra olunmalıdır. Ermənistan əks addım atarsa Azərbaycan da qarşılıq verəcək, buna bütün parametrlər üzrə haqqımız da, gücümüz də çatır. Belə olacağı təqdirdə ən sadə şəkildə ifadə etsək Ermənistan bir dövlət kimi subyektliyini tamamilə itirəcək”.