“Payızda Brüssel formatı çərçivəsində sülh sazişi ilə bağlı görüşlərin keçirilməsi ilə əlaqədar razılaşma əvvəlcədən elan olunmuşdu. Avropa İttifaqı Şurasının prezidenti Şarıl Mişel son görüşdən sonra bu barədə məlumat vermişdi. Lakin bundan sonrakı dövrdə Ermənistanın təşkil etdiyi “humanitar yardım” şousu iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirdi. Bu şəraitdə sülh sazişinin bu ilin sonuna qədər imzalanmasını xeyli çətinləşdi. Rəsmi İrəvanın əsas məqsədi də bu idi”.
Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri, siyasətçi Edmon Marukyanın “Sentyabr ayında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı görüşlər keçiriləcək”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan sülh sazişini imzalamaq iradəsini özündə hiss etmir: “Elə bu səbəbdən ötən ilin sentyabrında imzalanması real olan sənədi son anda imzalamaqdan imtina etdi. Bu hal baş verməsəydi, keçən il artıq sülh sazişi imzalana bilərdi. Nikol Paşinyan da bununla bağlı açıqlama verib sülh sazişini imzalayacağını desə də sözünün arxasında dayanmadı. Sülh sazişi artıq hazırdır. Sadəcə Ermənistana vasitəçilərin ciddi təzyiq göstərməsinə ehtiyac var. Təəssüf ki, bu hələ baş tutmur və Ermənistan da bundan istifadə edərək təxribatlar törədir. Bunlardan biri də “humanitar yardım” şousudur ki, bu gün BMT TŞ-nın iclasında da müzakirə olunacaq. Hələlik Qarabağ ermənilərinin nazı ilə oynamaq prosesi davam edir, onlar da bu məqamdan gen-bol istifadə edirlər”.
A.Səmədovun fikrincə, sülh sazişinin imzalanması ilə bağlı hər hansı ciddi problem yoxdur: “Ermənistan rəsmiləri də dəfələrlə deyib ki, onların Qarabağ məsələsini sülh sazişinə salmaq istəyi müqavilənin imzalanmasını ləngidir. Brüsseldə əldə olunan razılaşmaya əsasən Qarabağ məsələsi sülh sazişində ola bilməz. N.Paşinyan da son çıxışlarında etiraf edib ki, prosesin ləngiməsinin əsas səbəbi Qarabağla bağlı olan məsələlərdir. Qərb vasitəçiləri daha kəskin mövqe tutmalıdır. Əgər belə bir addım atılarsa, əvvəlcədən də nəzərdə tutulduğu kimi İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammitində sülh sazişini imzalamaq mümkündür və elə etmək lazımdır ki, məsələ gələn ilə qalmasın. Sülh sazişinin imzalanmasının uzanması nə Azərbaycanın, nə də Qərbin maraqlarına cavab verir. Bunu ABŞ və onun müttəfiqləri dərk etməlidir. Qarabağ ermənilərə qarşı göstərilən bu yanlış münasibət dərhal dəyişməlidir, oyunlara son qoyulmalıdır. Azərbaycanın haqlı mövqeyi birmənalı şəkildə müdafiə olunmalıdır. Əks halda bu il də sülh sazişinin imzalanması mümkünsüz olacaq”.
//Safura Bənnayeva, Editor.az