“Qarabağ ərazisində qeyri-qanuni birləşmələrinin tabeliyində görünən, Azərbaycanın hava məkanına müdaxilə məqsədilə istifadə edilən, radiolokasiya sistemləri Rusiya sülhməramlılarının istifadəsi üçün nəzərdə tutulan avadanlıqlardır”.
Bu fikirləri Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev Zəngilan-Füzuli, Füzuli-Bakı marşurutları üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava yolları”-na məxsus “Gulfstream G280” sərnişin təyyarələrinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS naviqasiya sistemində fasilələr yaranmasına, ermənilərin Azərbaycanın hava məkanında təxribatlar törətməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, erməni separatçıları da rus sülhməramlıları ilə bərabər bu fəaliyyəti icra edirlər:
“Bu da Azərbaycanın hava məkanına müdaxilə kimi görünür. Xüsusən də Bakı-Füzuli, Bakı-Zəngilan istiqamətində həyata keçirilən uçuşların fəaliyyətinə radiomaneələr yaradılıb. İdarəetmə sistemi idarəolunmaz hala gətirilib. Belə təyyarələr də digər ölkələrin ərazilərinə düşə bilər. Bu, qəbuledilməzdir. Bu kimi təxribatlara qarşı xüsusi hərbi əməliyyatların aparılması gözləniləndir. Qeyri-qanuni bölmələr bundan hava məkanımıza qarşı silah kimi istifadə edir. Bu silahların sıradan çıxarılması üçün əlimizdə kifayət qədər nöqtə zərbələri həyata keçirə bilən ağıllı silahlar, PUA və döyüş təyyarələri mövcuddur “.
Hərbi ekspertin fikrincə, ermənilər Rusiya sülhməramlılarının istəkləri üzərinə bu addımlarını davam etdirəcəklərsə, Azərbaycan da birmənalı şəkildə bu kimi hərbi-texniki avadanlıqların sıradan çıxarılmasına qərar verəcək:
“Xüsusi hərbi əməliyyatın keçirilməsi də masadadır. Qarşı tərəfdən Azərbaycanın təkliflərinə nə qədər müsbət mesajlar veriləcəyi müəmmalıdır. Ermənilər isə müsbət mesajlar vermək əvəzinə prosesi çətinləşdirirlər. Mitinqlərin keçirilməsi, çadırların qurulması heç də Azərbaycanın gözləntiləri üzərinə sülh sazişinin imzalanması istiqamətində effektiv fəaliyyət hesab edilmir “.
//Safura Bənnayeva, Editor.az

