“Son günlər Ermənistan və Azərbaycan arasında sülh münasibətlərinin formalaşması və iki ölkə arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı xəbərlər yenidən gündəmdədir. Xüsusilə Ermənistan mətbuatında Azərbaycanla gizli danışıqların getdiyini, danışıqların əsas müzakirə predmentinin nəqliyyat- kommunikasiya xətlərinin açılması, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı məsələlərin olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda Zəngəzur dəhlizinə status verilmədən açılması, ancaq bu nəqliyyat damarına özəl beynəlxalq təşkilatın nəzarət edəcəyi, təhlükəsizliyi təmin edəcəyi, qısa müddətdən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin şərtlərinə uyğun olaraq hazırki Ermənistan ərazilərinə, xüsusilə Zəngəzur bölgəsinə azərbaycanlıların kütləvi köçü təmin ediləcəyi ilə bağlı məsələlər daxildir. Nəticə etibarilə bir neçə il sonra Zəngəzur dəhlizinin keçdiyi bölgə tamamilə Azərbaycanın nəzarəti altına keçəcək. Bununla da İran və Ermənistan arasında birbaşa əlaqənin sual altına düşəcəyi hesab edilir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
Politoloq sözügedən məlumatların təxribat xarakterli olduğu qənaətindədir:
“Çünki əvvəla Azərbaycan Ermənistanla heç bir halda gizli danışıqlar aparmır. Azərbaycanın şərtləri məlumdur. Bu şərtlər tarixi faktlara, reallıqlara, beynəlxalq hüququn prinsiplərinə söykənir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi məhz Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərində Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin imzalanması üçün isə zəruri əsasların yaradılması bu gün problem olaraq ortadadır. Çünki iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün real şərtlər hələ ki, yaradılmayıb. Başlıca olaraq Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi Ermənistan qanunvericilik aktları, eyni zamanda Konstitusiyasında guya sülh müqaviləsi imzalamağa hazırlaşdığı Azərbaycana qarşı ərazi iddialarını geri çəkməyib. Belə bir şəraitdə biz sülh müqaviləsini imzalamaq üçün real şərtlərin olduğunu qəbul edə bilmərik. Nə qədər ki, rəsmi İrəvan sülhlə bağlı danışıqlar üçün real əsaslar formalaşması istiqamətində zəruri addımlar atmadıqca rəsmi Bakının onla hər hansı bir danışıqlar aparması mümkün deyil. Digər tərəfdən vacib məqam odur ki, bu informasiyanın dövriyyəyə buraxılmasında əsas məqsədlərdən biri İran tərəfini proseslərə daha aktiv şəkildə müdaxiləyə təhrik etməkdir. Çünki Zəngəzur dəhlizinin açılması barədə Ermənistan və Azərbaycan arasında gizli danışıqların baş tutması ilə bağlı informasiyalar Ermənistan mətbuatında dövriyyəyə buraxıldıqdan sonra İran rəsmi şəxsləri, xüsusilə özünü ali dini lider adlandıran şəxsin dilindən yenə də Ermənistan maraqlarına xidmət edəcək, bölgədə sülhü təhdid altına alacaq açıqlamanın şahidi olduq. Əslində Ermənistanın Qərb havadarlarının sifarişi ilə dövriyyəyə buraxdığı bu informasiyanın əsas hədəflərindən biri İranı qıcıqlandırmaq idi. Çox təəssüf ki, İran ali dini rəhbəri Əli Xameneinin dilindən Nikol Paşinyanla görüşdə bu ifadələri eşitdik. Xamenei qeyd etdi: “Hesab edirik ki, Zəngəzur dəhlizi Ermənistanın maraqlarına xidmət etmir”. Bir dövlət hər hansı bir prosesin başqa bir dövlətin maraqlarına uyğun olub-olmaması ilə bağlı mövqe sərgiləyir və hesab edir ki, o bununla da bitərəf tərəfdaş kimi regionda sülhün bərqərar olmasına xidmət etmiş olacaq. Təbii ki, bu, riyakar, Xameneinin xarakterinə, İran dövlətinin mahiyyətinə uyğun bir yanaşmadır. Hesab edirəm ki, Ermənistan tərəfi bu informasiyanı ötürməklə qarşıya qoyduqları bir hədəfə nail ola bildilər”.
A.Əliyevin sözlərinə görə, Ermənistanın bu tip informasiyalar yaymaqla başlıca hədəflərindən biri Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdir:
“Çünki Azərbaycan heç bir halda Qərbin dəstəyi və nəzarəti altında Zəngəzur dəhlizinin açılması ilə bağlı gizli danışıqlara getmir və getməyəcək. 10 noyabr 2020-ci il razılaşmasının 9-cu bəndinə əsasən Zəngəzur dəhlizi açılacaq və dəhlizin təhlükəsizliyi Rusiya xidmət orqanlarının sərhəd qoşunları tərəfindən təmin ediləcək. Azərbaycanı indiki halda strateji tərəfdaşlıq münasibətlərində olduğu Rusiyanın maraqlarına ciddi zərbə kimi qiymətləndiriləcək proseslərin iştirakçısı kimi göstərməklə iki ölkə arasındakı yüksək səviyyədə olan münasibətlərə xələl gətirməyə çalışılır”.
//Gülnarə Abasova, Editor.az