Ermənistan təxribatının növbəti variantı: “Azərbaycan Ordusu son sözü deyəcək”-MÜSAHİBƏbackend

Ermənistan təxribatının növbəti variantı: “Azərbaycan Ordusu son sözü deyəcək”-MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az hərbi ekspert Ramiz Şərifov ilə müsahibəsini təqdim edir:

-Ramiz bəy, Ermənistanda Qarabağı Azərbaycanın tərkibində tanıyacaq sənədin imzalanmaması üçün siyasətçilər, deputatlar və vətəndaşlardan ibarət qruplar imza toplamağa başlayıblar. Ümumilikdə əhalinin 50%-dən çoxu bunun lehinədir. Bu cür təşəbbüslər sayəsində həmin sənədin imzalanmasına mane yarana bilər?

-Nə qədər ki, Rusiya sülhməramlı kontingenti ərazilərimizdə mövcud olacaqsa, belə təxribatlar da davam edəcək. Qarabağda silahlı qüvvələrimiz öz sözünü deyib. Burada separatçıların hər hansı “qərar qəbul etməsindən” asılı olmayaq son sözü Azərbaycan deyəcək. Daha əvvəl də Ermənistanda Dağlıq Qarabağın müstəqilliyi haqqında qondarma qərarlar qəbul edirdilər. Topladıqları imzalarla belə bir qərar qəbul edilərsə, bunun heç bir yurisdiksiyası olmayacaq. 30 il müddətində Qarabağın müstəqilliyini hansı ölkə tanıdı? Ona görə də bu kimi addımların heç bir nəticəsi olmayacaq. Bu da Azərbaycan Silahlı Qüvvələrinə imkan verəcək ki, Ermənistan 10 noyabr bəyannaməsinin müddəalarına əməl etmədiyi halda kiçik antiterror əməliyyatı keçirərək onların “yuvalarını” tutsunlar.

-Son günlər Xankəndidə separatçıların yenidən silahlanması, Naxçıvan istiqamətində mütəmadi təxribatlar törətməsi fonunda Azərbaycanın yeni antiterror əməliyyatına başlayacağı ilə bağlı fikirlər formalaşdırır. Bu həqiqətən də gözləniləndir?

-Separatçıların Qarabağa daşıdığı silahlar atıcı silahlardır. Hansı ki, bu silahların hazırda müasir döyüşlərdə heç bir əhəmiyyəti yoxdur. Bu texnikalarla təxribat törədirlər. Həmin təxribatlar intensivləşdikcə dünyaya proseslərin əsl üzünü göstəririk. 44 günlük Vətən müharibəsi qədər iri həcimli hərbi əməliyyat gözlənilən deyil. Ermənilərin elə də güclü texniki vəsaiti yoxdur. Azərbaycan rəsmi İrəvanın ərazisinə daxil olmur. Beynəlxalq səviyyədə də tanınmış ərazi bütövlüyümüzü qoruyuruq. Ölkə başçısı da dəfələrlə bildirib ki, onlar ya Azərbaycan vətəndaşlığını qəbul edib firəvan yaşaya, ya da başqa ölkələrə üz tuta bilərlər. Əgər bu şərtləri qəbul etmirlərsə, biz ərazi bütövlüyümüzün bərpası istiqamətində işlərimizi davam etdirəcəyik. Düşünürəm ki, bu ilin sonuna qədər həmin proses başa çatacaq.

Ramiz bəy, Ermənistanın yenə xarici ölkələrə müraciət etməsi, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfəri və s. rəsmi İrəvanın əlini gücləndirə bilər?

-30 il müddətində Ermənistan Fransa, Amerikada mövcud olan erməni lobbisi vasitəsilə çox iş görürdü. Hansı nəticəyə nail oldular? Heçnə. Dünya miqyasında belə Azərbaycanla Ermənistanı yan-yana qoymaq olmaz. Rəsmi Bakının bir çox ölkə ilə birbaşa əlaqəsi, neft, qaz kontraktları var. Ermənistan nə qədər “qışqırsa” hansı ölkədən yardım istəsə də Azərbaycan öz haqlı mövqeyindən geri çəkilməyəcək.

//Safura Bənnayeva, Editor.az