“Genişmiqyaslı əməliyyatların gözləntisini sahədə baş verən hadisələrlə əlaqələndirməliyik”.
Bunu Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstərməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan tərəfindən daimi dislokasiya yerlərində olan hərbi hissələr əməliyyat rayonlarından çıxarılıb və geri qaytarılmayıb: “Bu sahədə mümkün gərginliyin əlamətlərindən biridir. Ermənistanın şərti sərhəddə, ya da Qarabağda bizimlə təmasda olan qeyri-qanuni silahlı birləşmələrin nümayəndələri tərəfindən törədilən təxribatlara cavab olaraq adekvat addım atmaq üçün Azərbaycan Silahlı Qüvvələri həm təlim planları, həm də mümkün təxribatların qarşısını almaq üzərindən çıxdığı təlim sahəsindən geri qayıtmayıb. Ermənistanda da vəziyyət eynidir.
Yaxın tarixə nəzər salsaq görərik ki, Ermənistan bu və ya digər formada təxribatlar törədəndə Azərbaycan “Qisas”əməliyyatları kontekstində onları cəzalandırdığı zaman sahədə gərginlik yarandı. Əslində burada məsuliyyət rəsmi İrəvanın öhdəsinə düşür. Çünki Ermənistanın ehtiyatlardan ön xəttə çıxartdığı silahların içərisində xüsusən də reaktiv yayılım atəş sistemləri var ki, bunlar hücum silahlarıdır. Təxminən 90-124 km məsafədə Azərbaycan ərazilərinə zərbə endirmək üçün nəzərdə tutulan hərbi texnikadır. Bununla da Ermənistanın ərazilərimizə zərbə endirmək niyyəti aşkara çıxır”.
Hərbi ekspertin fikrincə, həm şərti sərhəddə, həm də Qarabağın perimetrində atəşkəsin pozulması statistikası artmaqda davam edir: “Bu hal isə antiterror əməliyyatlarına və yekun döyüşlərə gətirib çıxardacaq əlamətlərdir. Siyasilər anlaşmır, Ermənistandan müsbət mesajlar gəlmir. Danışıqlara hazır olduqları ilə bağlı səsləndirilən fikirlər də həqiqəti əks etdirmir. Ermənistanın baş nazirinin, separatçı rejimin qondarma rəhbərliyi seçiləndən sonra onu təbrik etməsi Azərbaycanın suverenliyinə müdaxilədir. Bu da müharibə səbəbi sayıla bilər. Azərbaycan və Ermənistan cəmiyyəti müharibə gözləntisi içərisindədir. Müharibə o zaman baş tutmaya bilər ki, rəsmi İrəvan Azərbaycanın suverenliyinə və Qarabağ məsələsində də havadarları ilə bərabər ölkəmizə qarşı siyasi və hərbi müdaxiləni dayandırsın”.
//Safura Bənnayeva, Editor.az

