“Ararat Mirzoyan və digər Ermənistan rəsmilərinin çıxışları erməni xalqına və beynəlxalq aləmə ünvanlanmış mesajlardır”.
Bunu Editor.az-a politoloq Ramiz Alıyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yaxın vaxtlarda Türkiyə ilə sərhədin xüsusi qrup üçün açıla biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan guya qonşu dövlətlərlə normal münasibətlərin qurulması və sərhədlərin açılmasında maraqlı olduğunu göstərmək istəyir:
” Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir məsələni unudur ki, rəsmi İrəvan və Bakı arasında sülh müqaviləsi imzalanmayana, delimitasiya və demarkasiya məsələsi baş tutmayana qədər Türkiyə ilə Ermənistan arasında sərhədlərin tezliklə açılması mümkün deyil. Bu, Türkiyə prezidenti və ölkə rəsmiləri tərəfindən dəfələrlə bildirilib. Ermənistanın qarşısına müəyyən şərtlər qoyulub. Belə ki, rəsmi İrəvan qonşu dövlətlərə ərazi iddiası irəli sürməməli, xam xəyallardan əl çəkməli, qondarma soyqırım xülyasını kənara qoymalı, qonşuları ilə normal münasibətlər qurmalı, sülh və sabitlik şəraitdə öz ölkəsinin gələcəyi haqqında düşünməlidir. Belə olduğu halda Ermənistan və Türkiyə arasında sərhədlər açılacaq, münasibətlər inkişaf edəcək”.
Yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup, üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması nümunə ola bilər:” Lakin bu o demək deyil ki, mütləq şəkildə Ermənistan-Türkiyə sərhəddi açılacaq. Sadaladığımız halların reallaşması konteksində həmin proses mümkündür. Əks təqdirdə Ermənistan dalana dirənəcək”.
//Safura Bənnayeva, Editor.az

