“Azərbaycan və Türkiyə dəfələrlə Ermənistanı sülhə səsləyən çağırışlar ediblər. Azərbaycan öz mövqeyində bir tərəfdən siyasi iradəsini, gücünü ortaya qoyubsa, digər tərəfdən Ermənistanı hər zaman sülhə çağırıb”.
Bu sözləri Editor.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O, bildirib ki, müharibədən sonra Ermənistanda seçkilər qabağı səslənən revanşist şüarlar, yeni hökumətin formalaşması ərəfəsində Zəngəzur dəhlizi və köhnə “Artsax” siyasətinin yenidən dirçəltmək istiqamətində səslənən fikirlər hal-hazırda Ermənistanda davam edən xaosun başlanğıcı idi:
“Müharibədən dərhal sonra Ermənistanda səsləndirilən bir sıra sərt bəyanatlara erməni ictimaiyyətinin əksəriyyəti ötəri yanaşırdı. Ermənilər yaxşı başa düşür ki, Ermənistanın revanşist fikirlərinə xaricdən dəstək gəlməyəcək. Ermənistan rəsmiləri tərəfindən səsləndirilən bəyanatlar beynəlxalq auditoriyada da uğursuz nəticələndi. İndi isə onlar gah sülhə çağırışla bağlı fikirlər səsləndirirlər, gah da “Artsax” siyasətinin yeni şəraitdə davam etdirilməsi ilə bağlı cəhdlər edirlər. Baş verən proseslər fonunda Azərbaycan- Türkiyə birliyi regionda həlledici rol oynayır. Bu faktoru nəzərə almadan Ermənistan heç bir real addım ata bilməz”.
Politoloqun sözlərinə görə, Ermənistanla sərhədlərin açılmasında Türkiyənin sərgiləcəyi mövqedə iki ciddi məqam var:
“Birincisi, Ermənistanla münasibətlərdə Azərbaycana qardaş ölkənin dəstəyidir”.
” İkincisi, isə Türkiyənin birbaşa Ermənistanla münasibətlərinə aiddir. Ermənistanın beynəlxalq səviyyədə Türkiyəyə qarşı ərazi iddiası olduğu halda, eyni zamanda qondarma “erməni soyqırımı” ilə Türkiyəni təhdid etdiyi halda sərhədlərin açılması məsələsi də qeyri-mümkündür. Ermənistan əvvəlcə xarici siyasətində düzəlişlər etməlidir. Çünki Türkiyə və Azərbaycanla münasibətlərin normalaşması ilk növbədə Ermənistana lazımdır”.
//Gülnarə Abasova, Editor.az

