“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda sülhün və sabitliyin bərpasına xidmət edə biləcək əhəmiyyətli prosesdir. Onu da qeyd etmək lazımdır ki, bu proses hazırda ən çox Ermənistanın maraqlarına cavab verir. Çünki münasibətlərin normallaşması uğurla nəticələnərsə, Ermənistan Türkiyə kimi nəhəng və güclü dövlət ilə normal əməkdaşlıq şansı qazana bilər”.
Bu fikirləri Editor.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə iqtisadi-ticari əlaqələr Ermənistana iqtisadi inkişaf perspektivləri vəd edir:
“Yəni, Türkiyə ilə normal münasibətlər Ermənistana iqtisadi və nəqliyyat-kommunikasiya blokadasından çıxmaq imkanları aça bilər. Ancaq bu məsələdə olduqca önəmli bir məqam da mövcuddur. Belə ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesinin Azərbaycandan kənarda tutulmasına cəhd göstərir. Halbuki, bu, qətiyyən mümkün deyil. Çünki, Türkiyə Azərbaycanın strateji hərbi müttəfiqidir. Ona görə də, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşması prosesinə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları üzərindən yanaşır. Bütün müzakirə prosesini məhz rəsmi Bakı ilə məsləhətləşmələrlə tənzimləyir. Yəni, rəsmi İrəvan Azərbaycan ilə anlaşa bilməzsə, Türkiyə də Ermənistanla hər hansı münasibət qurmaz”.
Politoloqun fikrincə, rəsmi Ankaranın belə prinsipial mövqeyi Ermənistan ilə sülh danışıqlarında Azərbaycanın əlini daha da gücləndirir.
“Çünki Ermənistan Azərbaycan-Türkiyə İttifaqının sərt təzyiqləri altında aciz duruma düşmüş kimi görünür. Rəsmi İrəvanın bu məsələni Ermənistanın maraqlarına uyğunlaşdırmaq baxımından, heç bir manevr imkanı yoxdur. Yəni, rəsmi İrəvan Ermənistanı blokadadan çıxartmaq istəyirsə, deməli, istənilən halda, əvvəlcə Azərbaycan ilə anlaşmaq məcburiyyətindədir. Yalnız bundan sonra Türkiyə-Ermənistan münasibətləri normallaşa bilər. Əslində, Ermənistan Türkiyə üçün heç bir önəm daşımır. Rəsmi Ankara bu proses ilə həm strateji hərbi müttəfiqi Azərbaycana dəstək verir, həm Türkiyənin Cənubi Qafqazdakı geopolitik mövqelərini daha da möhkəmləndirir.
Ermənistanda da artıq anlayırlar ki, beynəlxalq himayədarları – ABŞ, Rusiya və Fransa Cənubi Qafqazda Azərbaycan-Türkiyə İttifaqı ilə rəqabət mexanizmlərinə sahib deyil. Cənubi Qafqazda tarixən güclü mövqeləri olmuş Rusiya Ukraynada “savaş bataqlığı”na düşdüyü üçün ciddi şəkildə zəifləyib və regional mövqelərini Türk İttifaqına buraxmaqdadır. Üstəlik, son vaxtlar Rusiya Türkiyə-Azərbaycan İttifaqından asılı duruma da düşməyə başlayıb. Bu baxımdan, Rusiya Ermənistanı Türk İttifaqına qurban verməyə belə, hazırdır. ABŞ və Fransa isə Cənubi Qafqazda geopolitik oyunçular deyil. Ermənistana dəstək vermək imkanları hazırda məhduddur. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Ermənistanı blokadadan çıxartmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə eyni vaxtda anlaşmağa məcburdur. Rəsmi İrəvanın Azərbaycan və Türkiyənin prinsipial şərtlərindən yayınmaq şansı yoxdur”.
//Safura Bənnayeva, Editor.az

