“Son üç il ərzində Ermənistanın Qərbə meyillənməsi, əməkdaşlıq, müttəfiqlik etmək cəhdləri Rusiya və İrana böyük zərər verir”.
Bunu Editor.az-a politoloq Ramiz Alıyev Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauzun Ermənistanın öz ərazilərindən Rusiya bazalarını çıxarıb, yerinə Fransanı gətirməsinin mümkünlüyü ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, uzun illərdir ki, Ermənistan Rusiya və İranın dəstəyi ilə, işğal etdiyi Azərbaycan torpaqlarını öz nəzarətində saxlaya bilib:
“Rəsmi İrəvan regionda münaqişə zonası yaratmaqdadır. Uzun müddətdir ki, qonşu dövlətin ərazilərini nəzarətdə saxlayaraq müxtəlif növ terror aktları həyata keçirib. Bununla yanaşı həmin ərazilərin yeni terrorçu qrupların yaradıldığı, narkoticarət dövriyyəsi olan əraziyə çevrilməsi və müxtəlif növ cinayətkarlıqla məşğul olan qruplaşmaların, transmilli cinayətkarların məskəninə çevrildiyinin şahidi oluruq. Ermənistan tarixən himayəçisi olan ölkələrin bu gün onu dəstəkləmədiyini gördüyü üçün yeni əmr verən dövlət tapmaq axtarışında idi. Və Fransanı tapdı. Rəsmi Paris, Tehran və Moskvadan fərqli olaraq əvvəllər öz dəstəyini açıq şəkildə nümayiş etdirmirdi”.
Politoloqun fikrincə hər zaman siyasi sahədə Ermənistana dəstək verən Fransa bu gün hərbi, iqtisadi və digər sahələrdə də yardımını əsirgəmir:” Rəsmi Paris burada öz mənafeyini düşünür. Fransa bütün dövrlərdə Cənubi Qafqaza nəzarət etmək və burada öz hərbi bazasını yaratmaq niyyətində olub. Lakin bu da hər zaman uğursuzluqla nəticələnib. Çünki Azərbaycan kimi güclü dövlət buna imkan verməz. Buna görə də rəsmi Paris regionda öz məqsədinə çatmaq, sülhün qarşısını almaq üçün Ermənistanı qızışdırıb revanşist qüvvələri hərəkətə gətirir. Bu da rəsmi İrəvanın xeyirinə deyil”.
R.Alıyev Ermənistanda Fransa və ABŞ-ın hərbi bazasının yerləşdirilməsi fonunda Rusiya və İranın seyirci qalmayacağını düşünür:” Bu zaman Ermənistana güc nümayişi etdiriləcək. Rəsmi İrəvanda hər hansı ölkənin hərbi bazasının yerləşdirilməsinin Azərbaycan üçün əhəmiyəti yoxdur. Çünki ordumuz olduqca güclüdür. Digər tərəfdən Afrika ölkələri qərar qəbul edib ki, rəsmi Parisin bütün hərbi bazaları ərazilərindən çıxarılsın. Fransa da həmin bazaları yerləşdirməyə ərazi axtarır. Sözügedən hərbi bazaların Ermənistanda yerləşdirilməsi isə rəsmi İrəvana baha başa gələcək. Rəsmi İrəvan Moskvadan iqtisadi, siyasi və digər məsələlərdə asılı ölkədir”.
//Safura Bənnayeva, Editor.az