Ermənistan üçün hekayənin SONU – Xankəndinə YOL AÇILIRbackend

Ermənistan üçün hekayənin SONU – Xankəndinə YOL AÇILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan nə qədər də dünya ictimaiyyəti qarşısında Qarabağ məsələsinin onun üçün bağlandığı təəssüratı yaratmağa çalışsa da, reallıq bunu demir. İrəvanın Qarabağa görə məsuliyyəti tez-tez üzərinə götürmək istəyi edilən açıqlamalardan, verilən sərsəm bəyanatlardan, tutulan mövqedən açıq-aydın görünür. 

Amma Ermənistan 44 günlük müharibədən sonra xüsusilə son aylar Azərbaycanın istər siyasi, istərsə də hərb meydanında kəskin mövqeyi, pressinqi ilə qarşı-qarşıya qalır. Bunu Azərbaycan həm Fərrux, həm “Qisas” əməliyyatı, həm də Buzdux yüksəkliyinin nəzarətə götürülməsi əməliyyatı ilə nəinki tək Ermənistan rəhbərliyinə, separatçılara, eləcə də onların havadarlarına göstərdi ki, Bakı mövqeyindən bir addım da olsun geri çəkilən, güzəştə gedən deyil.

Azərbaycanın kəskin mövqeyi ilə bağlı Prezident İlham Əliyev ötən gün Azərbaycan Televiziyasına müsahibəsində də yenidən xüsusi yer ayırıb: “Əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur”.

Bununla dövlət başçısı Ermənistan iqtidarına da, müxalifətinə də, onlara maliyyə yardımı ayıran, revanşistləri mütəmadi sərsəm bəyanatlar verməyə, təxribat törətməyə vadar edən lobbiçilərə və digər havadarlarına da açıq şəkildə bildirdi ki, “onsuz da bu yersiz cəhdləriniz heç bir nəticə verməyəcək. Əgər ritorikanızdan əl çəkməsəniz, digər imkanlardan da məhrum olacaqsınız. Azərbaycanda qalıb yaşamağın tək yolu vətəndaşlığımızı qəbul edib hüquqlarımız çərçivəsində həyatınıza davam etməkdir, gerisi təfərrüat”.

Heç kəsə sirr deyil ki, Rusiya sülhməramlı kontingenti vasitəsilə Qarabağda separatçı rejimə gözləniləndən də artıq məsələlərdə kömək, dəstək oldu. Lakin “Qisas” əməliyyatı sonrası xeyli itki verən və Azərbaycan Ordusundan layiqli cavabını alan qondarma rejim ünsürləri, eləcə də Ermənistan tərəfi görünür bu silahlı qarşıdruma zamanı da Rusiya sülhmərmlılarından Azərbaycana qarşı müqavimət gözləyirdilər. Bu proseslər zamanı bəlkə də Qarabağa gəldiklərindən bu yana ilk dəfə neytral qalmağı bacaran kontingentin səssizliyi görünür Nikol Paşinyan üçün gözlənilməz oldu ki, məhz bu silahlı insidentdən sonra hökümətin iclasında Ermənistan baş naziri sülhməramlı kontingenti yerdən-yerə vurdu.

Amma görünür Rusiya tərəfi bu qədər yardım-dəstək qarşılığında Ermənistan tərəfindən bu cür anti-Rusiya tezislərinin ildırım sürətilə artmasından ciddi şəkildə narahat olmağa başlayıb. Belə ki, Rusiyanın erməniyönümlü “Reqnum” agentliyinin baş redaktoru, politoloq Modest Kolerov Ermənistan mediasına müsahibəsində ermənilərin bütün ümidlərini alt-üst edəcək fikirləri ilə diqqət mərkəzinə düşüb.

M.Korelovdan Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılacağına dair proqnozunun nə olduğunu soruşanda onun cavabı belə olub: “Qorxuram ki, uzadılmayacaq. Çünki Azərbaycan bunu istəmir. Digər tərəfdən, İrəvan bunun üçün mübarizə aparmır. Rusiya Minsk qrupundan çoxdan çıxıb, İrəvan nə edir? Minsk qrupunun digər iki həmsədrini qucaqlayır. Axı bir həmsədr qrupdan çıxıbsa, digər ikisi onsuz da heçdir, bu format qeyri-legitimdir. Paşinyanın daim Putinlə söhbət etdiyini deyirsiniz. Bunlar sadəcə sözdür. Paşinyan gecə-gündüz Brüsseldən, Minsk qrupundan danışır. Bəlkə əfsanəvi Minsk qrupu ona sülhməramlı göndərəcəyini deyib? Xeyr, oraya ruslardan başqa heç kim girməyəcək”.

Modest bununla ermənilərə talelərinin Rusiyanın əlində olduğunu xəbərdar edib. O, Ermənistan hökümətinə nə Qərbə inteqrasiya barədə boş-boş xəyallar qurmağın, nə də bölgəyə dördüncü bir ölkənin ordusunun gətirilməsi üçün boşuna cəhdlər etməyin bir fayda verəcəyini xatırladıb. M.Korelov hətta rəsmi Bakının tələbi və istəyindən irəli gələrək sülhməramlıların 5 ilin tamamında Qarabağı tərk edəcəyi məsələsini də istisna etməyib.

Kremlin təbliğatçısı olan M.Korelovun fikirləri Moskva qarşısında mərkəzdənqaçma xətti tutan İrəvanın tənqidi kimi də analiz edilə bilər. M.Korelovun dediklərindən eyni zamanda o da anlaşılır ki, görünür, Rusiyadakı erməniyönümlü düşüncəyə malik olanlar da artıq Moskvanın Bakı ilə hesablaşdığını anlayırlar və onlar da Rusiya üçün, xüsusən də hazırda kollektiv Qərblə Şərqi Avropada ölüm-qalım savaşında bu xəttin ən uyğun seçim olduğunu başa düşməyə başlayırlar.

Ermənistanın ikili oyun oynadığı sağ göstərib sol vurmaq cəhdi illərdir ermənilərin maraqlarını qoruyan, Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasarovun da diqqətindən yayınmayıb. Baqdasarov “Rossiya 1” kanalının efirində yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efiri zamanı “Rusiyanın Ermənistanda hərbi bazasının olması artıq Moskvanın bu ölkə üzərindəki dominantlığından xəbər vermir. Bu dövlət hazırda Rusiyaya quyu qazır. Budur müttəfiq?” fikirləri ilə rəsmi İrəvanı Qərblə, ABŞ-la birgə əlbir olub Rusiyanın arxasınca iş çevirməkdə ittiham edib.

Belə görünür artıq Ermənistanın Rusiya hökümətindəki ən etibarlı adamları da artıq rəsmi İrəvanın oyununa getdiklərinin fərqinə varmağa başlayıblar. Görünən odur ki, hazırda Bakı Ermənistanın uzun illər söz sahibi olduğu bütün mövqelərdə üstünlüyü ələ almağa başlayıb.

Azərbaycan dövləti indi heç vaxt olmadığı qədər güclü, heç vaxt olmadığı qədər qətiyyətli görünür. Biz bunu dövlət başçısının müsahibə zamanı növbəti açıqlamalarından da aydın sezə bilərdik: “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdən bir bunu unudur. Ona görə bu faciəvi hadisələr baş verir”.

Beləcə, İlham Əliyev bir daha Azərbaycana qarşı cəbhə açan, anti-Azərbaycan siyasəti yürüdən bütün qüvvələrə bəyan etmiş oldu ki, bizim yolumuz haqq yoludur və bu yoldan bizi heç kim, heç bir dövlət, siyasət adamı, hər hansısa bir bəyanat və yaxud təxribat döndərməyi bacarmayacaq.

Dövlət başçısının “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq” açıqlaması növbəti böyük qayıdış üçün gözlənilən növbəti anons oldu. Prezident “Qisas” əməliyyatından danışarkən Azərbaycan cəmiyyətinə də mesaj ötürməyi unutmadı: “Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq”.

İlham Əliyev bununla da növbəti dayanacaqdan birinin yaxın gələcəkdə mütləq Xankəndi olacağı, orada da Azərbaycan bayrağının dalğalanacağını və bunun alternativnin olmadığına işarə etmiş oldu.


Milli.Az