Vətən müharibəsinin sonu eyni zamanda Azərbaycana qarşı olan dövlətlərlə daha amansız savaşın – kibermüharibənin başlanğıcı idi. Postkonflikt reallıqlarını düzgün analiz edərək informasiya savaşında gərəkən addımları atan rəsmi Bakı bu gün oxları əks cəbhəyə yönəltməyi bacarıb, bunun öhdəsindən gəlir. Ən azından son Brüssel görüşünün nəticələrinə nəzər saldıqda bu qənaətə gələ bilərik.
Lakin dövlət başçısı İlham Əliyevin Brüssel görüşünün ikinci raundundan sonra Azərbaycanın çizəcəyi siyasi xəttin hansı istiqamətdə, qarşıdakı hədəflərimizin nədən ibarət olacağı barədə fikirləri son hadisələri çözmək baxımından daha önəmli ola bilərdi. Prezident İlham Əliyevin aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə çıxışı sözügedən məsələlərlə bağlı bir çox məqamlara aydınlıq gətirilməsi baxımından olduqca əhəmiyyətli idi.

Prezident Brüssel görüşünün nəticəsini Azərbaycan üçün çox əlverişli adlandırıb. İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh paketini qəbul edir. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ərazi iddiasından əl çəkir. Bu isə ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir.
Artıq sülh razılaşması yolunda önəmli addımın atıldığına diqqət yönəldən dövlət başçısı iki gün əvvəl Ceyhun Bayramovla Ararat Mirzoyan arasında baş tutuan telefon danışığını da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində bir ilk adlandırıb: “Bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir“. Prezident son ifadəsi ilə həm İrəvana, həm də Azərbaycan-Ermənistan məsələsinə vasitəçilik adı ilə “burun soxan” kənar qüvvələrə mesaj verdi ki, rəsmi Bakı məsələni İrəvanla təkbətək həll etmək niyyətindədir, indi əsas fəaliyyətimiz də buna yönəlib.
Bakı-İrəvan arasında vasitəçi olmadan ilk təmasdan tərəflərin məmnun qaldığını nəzərə alsaq, Avropa İttifaqının bu məsələdə təşəbbüskar tərəf kimi fəallığı Moskvanın “əsas vasitəçi” olması və bunun üzərindən maraqlarını diktə etməsi perspektivi zəifləməsinə gətirib çıxarır ki, bu da Azərbaycanın maraqlarına uyğundur. Son təmaslar, xüsusilə də ikitərəfli format Ermənistanla münasibətlərin qurulmasına, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinə və Qarabağda yarımçıq qalan prosesin tamamlanmasına da imkan yarada biləcək faktordur.

Dövlət başçısı müşavirədəki çıxışında Brüsseldə ikitərəfli görüşlərdən sonra dövlətlər arasında nəzərəçarpan irəliləyişləri xatırlatmaqla, bunu 30 il ərzində münaqişəni dalana dirəyən qüvvələrin məhz vasitəçilik missiyası adı altında fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin susqunluğunun, süründürməçiliyinin, “turizm diplomatiyası”nın nəticəsi(zliyi) kimi diqqətə çatdırıb.
Amma İlham Əliyev bu çıxışı zamanı Ermənistanı 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün tələsdirməyi də unutmayıb. O, rəsmi İrəvanı xüsusilə də Zəngəzur dəhlizi məsələsini gecikdirməklə yalnız özünə ziyan edəcəyini bu sözlərlə bəyan edib: “Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq.

Çünki 10 noyabr Bəyannaməsində (9-cu bəndində qeyd edilib ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.- red.) açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar”.

Azərbaycan Prezidenti Ermənistanın dalanda qalacağını təsdiq edəcək növbəti faktı qeyd etməklə İrəvanı real vəziyyətlə barışıb, süründürməçilikdən tez bir zamanda əl çəkməyə çağırıb: “İran keçən ay imzalanan Anlaşma Memorandumuna əsasən, eyni zamanda, avtomobil körpülərinin və dəmir yolu körpülərinin inşası da nəzərdə tutulur. Əlbəttə, bu (İranla Anlaşma Memorandumu – red.), Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır”.
Bununla Azərbaycan dövlət başçısı İrəvana xəbərdarlıq edir ki, eyni nəqliyyat infrastrukturuna alternativini biz onsuz da İran üzərindən həyata keçiririk. Regionun növbəti böyük layihələrinin təməli ola biləcək bu nəqliyyat kommunikasiyalarından məhrum olmaq, bu imkanlardan əlinin üzülməsini istəmirsənsə addım atmalısan, əks halda aqibətin daha acınacaqlı olacaq.

İlham Əliyev İrəvanın bu süni əngəlinin yalnız özünə ziyan edəcəyini, Azərbaycana tutduğu yolda mane ola bilməyəcəyini bildirib. O qeyd edib ki, Azərbaycandan fərqli olaraq isə Ermənistanın inkişafı onun özündən, yəni atacaqları addımlardan, qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Dövlət başçısı bu gün Azərbaycan və Türkiyənin İrəvana uzatdığı bu əli Ermənistan üçün “son şans” adlandırıb. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək: “İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır”.
Azərbaycan liderinin bu çağırışı nəhayət müstəmləkəçilikdən çıxıb, forpost imicindən qurtulub müstəqil siyasət yürütmək yolunda İrəvana edilmiş ən səmimi təkliflərdən biridir. Təbii ki, proseslərin necə davam edəcəyini Ermənistan rəhbərliyi özü qərar verəcək. Ermənistan hakimiyyəti sadəcə onu anlamalıdır ki, Azərbaycanın bu təklifinə verəcəkləri adekvat cavab xalqının gələcəyini, dövlətinin müqəddəratını həll edəcək.
Milli.Az

