“Təəssüf ki, Ermənistanın hazırki rəhbərliyi sələflərinin səhvlərini təkrar edir. Ermənistan 44 günlük savaşdan dərs çıxarmaq yerinə, hələ də hansısa möcüzələri gözləmək yolunu tutub. Daxilində böyük qarşıdurmalar yaşayan və sonunun nə olacağı bilinməyən İran, beynəlxalq arenada ciddi nüfuz və etibar itkisinə məruz qalan Fransa batmaqda olan Ermənistan üçün “saman çöpü” belə ola bilməzlər. Hətta İran, Fransa kimi ölkələr öz maraqları naminə Cənubi Qafqazı Ermənistan vasitəsilə gərginlik ocağına çevirməyə çalışsalar belə, bunu bacarmayacaqlar. Çünki qarşılarında güclü Azərbaycan-Türkiyə ittifaqı var”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Ermənistan sülh müqaviləsini uzatmaq, 10 noyabr bəyanatının, eləcə də ABŞ, Aİ və Rusiyanın vasitəçiliyi ilə imzalanmış razılaşmaların yerinə yetirilməsindən boyun qaçırmaq yolunu tutub:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə spekuliyasiyalara imkan verməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycanın əlində kifayət qədər təsirli rıçaqlar var ki, bunlar işə düşdükdə Ermənistan hakimiyyəti və cəmiyyəti üçün dairə ciddi şəkildə daralacaq. Məhz dünəndən Xankəndi-Gorus yolunun dinc etirazçılar tərəfindən bağlanması bu rıçaqlardan yalnız biridir və bu, ermənilər üçün ciddi siqnal olmalıdır. RF-nın prezidenti Vladimir Putinin dərhal Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi vəziyyətin nə qədər ciddi, Azərbaycanın nə qədər qətiyyətli və qərarlı olduğunun bariz göstəricisidir. Ermənistanın sülh müqaviləsini imzalaması üçün çox yox, cəmi 10-15 gün vaxtı var. Sülh müqaviləsinin imzalanması üçün ən münasib platforma isə Tiflis şəhəri ola bilər ki, gələcəkdə qurulacaq Qafqaz Evinin təməlləri də atılmış olar. Artıq düşmən qarşısında sadəcə qəhrəman əsgərimiz deyil, xüsusi təyinatlı bütöv və böyük xalqımız var”.
//Gülnarə Abasova, Editor.az

