“Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının növbəti görüşü ilk baxışda humanitar xarakterli görünə bilər, amma bu, əslində daha geniş bir siyasi konteksin tərkib hissəsidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.
Onun sözlərinə görə, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək Ermənistanın illərlə gizlətməyə çalışdığı cinayətlərin üstünü açmaq deməkdir:
“İtkilər yalnız rəqəmlərdən ibarət deyil, onların arxasında dağılan ailələr, sarsılan talelər və göz yaşları var. Ermənistanın bu məsələyə formal yanaşması illərlə prosesə mane olması onun məsuliyyətdən yayınmaq cəhdidir. Əgər İrəvan doğrudan da münasibətlərin normallaşmasını istəyirsə, ilk növbədə bu kimi görüşlərdə səmimi olmalı, itkinlərin məzar yerləri barədə konkret məlumatlar təqdim etməlidir. Məlumat mübadiləsi o zaman real nəticə verə bilər ki, qarşı tərəf prosesə saxtakarlıqla yox, dürüst yanaşsın. Ermənistanın indiyədək bu istiqamətdə tutduğu mövqe isə daha çox zaman qazanmaq, beynəlxalq təzyiqləri yumşaltmaq məqsədi daşıyıb. Azərbaycan bu məsələdə həm beynəlxalq hüquqa, həm də humanitar prinsiplərə əsaslanaraq daim açıq və ardıcıl mövqe sərgiləyib. Axtarış tədbirlərinin əlaqələndirilməsi, əslində, Ermənistanın illərlə gizlətdiyi cinayətlərin izini açmağa xidmət edir. Hər bir kütləvi məzarlıq tapıntısı Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətini bir daha göstərir. Bu görüşlər əgər real nəticə doğuracaqsa, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında üzr istəməsinə aparmalıdır.
Normallaşma dedikdə biz konkret nəticələr istəyirik, təkcə görüşlər yox… Ermənistanın üzərinə düşən məsuliyyəti dərk etmədiyi halda heç bir sülh modeli davamlı ola bilməz. Tərəflər arasında münasibətlərin normallaşması yalnız ədalət üzərində qurularsa, gələcək mümkün olar. Azərbaycan tərəfi bu məsələdə prinsipial mövqe göstərməklə həm də beynəlxalq humanitar hüququn tələblərinə hörmətini ortaya qoyur. Ermənistan isə hələ də siyasi iradə göstərmək əvəzinə, proseslərə kosmetik yanaşır. Həqiqi normallaşma qurbanların hüquqlarının tanınması və kompensasiya ilə başlayar”.
//Gülnarə Abasova, Editor.az