Cənubi Qafqaz regionu uzun illərdir geosiyasi maraqların kəsişdiyi və güc balansının tez-tez dəyişdiyi bir ərazi olaraq qalır. Regional aktorlar üçün xarici təhlükəsizlik zəmanəti axtarışı artıq strateji seçim deyil, zərurətə çevrilib. Bu xüsusilə Ermənistan kimi geosiyasi baxımdan çətin vəziyyətdə olan ölkələr üçün daha çox keçərlidir. Regionda tarazlığı qorumağa çalışan dövlətlər, həm tarixi ittifaqları yenidən qiymətləndirir, həm də yeni tərəfdaşlıq imkanlarını yoxlayır. Ermənistanın Qərblə – xüsusən də ABŞ-la – hərbi əməkdaşlığa meyil göstərməsi bu kontekstdə dəyərləndirilməlidir. Bu meyil təkcə təhlükəsizlik baxımından deyil, həm də siyasi yönləndirmə və diplomatik balans yaratmaq baxımından əhəmiyyət kəsb edir.
Siyasi analitik Azər Qasımov Editor.az-a bildirib ki, Cənubi Qafqazda təhlükəsizlik arxitekturası daim dəyişir və bu dinamika region ölkələrinin xarici siyasətində yeni axtarışlar yaradır:
“Ermənistanın Qərb, xüsusilə də ABŞ ilə hərbi əməkdaşlığa can atması da bu çərçivədə başa düşülməlidir. Söz mövzusu əməkdaşlıq nə Rusiya, nə də Azərbaycan üçün birbaşa təhlükə kimi qiymətləndirilməməlidir. Ermənistan özünün zəif təhlükəsizlik potensialını xarici dəstək vasitəsilə kompensasiya etməyə çalışır və bu səbəbdən müxtəlif tərəfdaşlarla əməkdaşlığa açıqdır.
Bu əməkdaşlıqda əsas məqsəd ölkənin təhlükəsizlik sistemini möhkəmləndirməkdir. Regionun nisbətən zəif aktoru olan Ermənistan, resurs və hərbi potensial baxımından qonşuları ilə müqayisədə daha məhdud imkanlara malikdir. Buna görə də Qərblə təlimlər və əməkdaşlıq formatları daha çox müdafiə xarakterlidir və hücum məqsədi daşımır.
Lakin bölgədə bu cür təlimlərin və əməkdaşlıqların birmənalı qarşılanmadığı da məlumdur. Xüsusilə Rusiya və İran kimi regional güclər, ABŞ-Ermənistan yaxınlaşmasında öz maraqlarına zidd tendensiyalar görə bilərlər. Hərçənd, bu narahatlıqlar daha çox siyasi jest xarakterlidir. Ermənistanın Rusiya ilə birbaşa sərhədinin olmaması və ölkə daxilində hələ də güclü Rusiya təsirinin qalması, İrəvanın Moskvaya qarşı real təhlükə yaratmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.
A. Qasımovun sözlərinə görə, Gürcüstanın NATO ilə keçirdiyi təlimlər də oxşar siyasi mesaj xarakteri daşıyır:
“Tbilisi bu vasitə ilə Rusiya tərəfindən işğal olunmuş əraziləri beynəlxalq gündəmdə saxlayır. Ermənistan da bu yolla öz suverenliyini qorumağa və özünü beynəlxalq sistemə inteqrasiya etdiyini göstərməyə çalışır.
Hazırkı mərhələdə bu cür əməkdaşlıqlar strateji dəyişiklikdən çox, regional güclərə yönəlmiş simvolik mesajlardır. Lakin proseslərin inkişafı fonunda Ermənistan və Gürcüstanın Qərblə əlaqələrinin dərinləşməsi də istisna deyil. Bu isə gələcəkdə regionda yeni təhlükəsizlik balanslarının formalaşmasına səbəb ola bilər”.
//Gülnarə Abasova, Editor.az

