“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ərəfəsində rəsmi İrəvan təxribata əl atır. Keçirilən görüşlərdə isə sülh və sabitliyin bərqərar olunması fonunda istənilən addımı atmağa hazır olduqlarını bildirirlər. Lakin əməldə bu addımları görmədiyimiz üçün Ermənistan baş nazirinin sülh istiqamətində verdiyi bəyanatları ciddi qəbul etməməliyik”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Ramiz Əliyev bildirib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın iştirak etdiyi beynəlxalq görüşlərdən əvvəl və sonra hərbi təxribatların baş tutduğunun şahidi oluruq:
“Burada bir məqam ortaya çıxır ki, ya Ermənistan baş naziri hərbi qurumlarla əlaqəsi yoxdur, ya hərbi idarələr Nikol Paşinyanın fikirlərinə əhəmiyyət verib onu rəhbər kimi saymırlar, ya da o, dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Ermənistan hərbiçilərini başqa qüvvələr idarə edib, təxribatlara sürükləyirsə, bu da Nikol Paşinyanın zəifliyinin göstəricisidir. Azərbaycan istənilən təxribatların qarşısını almağa qadirdir”.
Politoloq qeyd edir ki, Azərbaycan Ordusu qisas əməliyyatları ilə dəfələrlə dünyaya göstərmiş oldu ki, heç bir qüvvə ölkəmizi haqq yolundan döndərə bilməz:
“Azərbaycan Ordusunun keçirdiyi qisas əməliyyatları uğurlu nəticələr verir. Ermənistanın atdığı addımlar ölkə hakimiyyəti deyil, kənar qüvvələrin göstərişi ilə həyata keçirilir. Bu açıq-aşkar görünür. Heç bir şərhə ehtiyac yoxdur. Əgər Ermənistan ordusu ərazilərimizə təxribatlarını artırarsa, Azərbaycan qisas əməliyyatlarını davam etdirəcək”.
//Safura Bənnayeva, Editor.az

