Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.
Maraqlıdır ki, Rusiya sülhməramlılarının mütəmadi olaraq belə qərəzli addımlar atmaqda məqsədi nədir?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Ermənistan yalnız azərbaycanlılara qarşı deyil, həm də yer adlarına qarşı soyqırım həyata keçirib: “Azərbaycan toponimləri dəyişdirilərək müxtəlif səbəblərdən unutdurmağa çalışırlar. Ancaq Azərbaycan tarixçiləri, tədqiqatçıları, vətəndaşları bu adların unudulmasına imkan verməyib.
Keçmiş Dağlıq Qarabağ ərazilərində eyni siyasəti davam etdirilib. Topaqlarımız işğaldan azad olunmasına baxmayaraq burada bəzi adlar ermənilərin səsləndirdiyi kimi qeyd edilir. Xüsusilə də Rusiya sülhməramlılarının paylaşdığı xəritədə də yer adlarını erməni toponimləri ilə qeyd edirlər. Bu da Azərbaycanın haqlı narazlığına səbəb olub”.
Deputat qeyd edir ki, bu hallar təkrarlanacağı təqdirdə monitorinqlər davam etdirilməlidir: “ Rus sülhməramlılarının missiyasını şübhə altına alına bilər. Bununla da onlara qarşı olan etimad azala bilər. Burada əsas məqsəd erməniləri nəzarətdə saxlamaqdır, onları həvəsləndirməkdir. Bu cür xırda və lazımsız manipulyasiyalarla öz istəklərinə çata bilməyəcəklər. Əvvəl-axır bu ərazilərdə sülhməramlıların fəaliyyəti tamamilə məhdudlaşdırılacaq və erməni seperatçıları bölgədən qovulacaq”.
//Safura Bənnayeva,Editor.az

