“Ermənistan yeni təxribat planına start verib”- AÇIQLAMAbackend

“Ermənistan yeni təxribat planına start verib”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan “humanitar yük”lərin daşınması adı altında növbəti təxribatını həyata keçirməklə məşğuldur. Bunun üçün də düşünülmüş plan tərtib ediblər”.

Bu fikirləri Editor.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “qida böhran” adı altında Qarabağa Ermənistandan humanitar yük daşıyan tırların hərəkəti ilə bağlı verilən xəbərlərə, eləcə də Ağdam-Xankəndi yolunun təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyəti öz dəstəkçisi gözündə görür: “Bir sıra ölkə səfirləri də bu şounun tamaşaçısı kimi iştirak edir. Rəsmi İrəvanda olan səfirlərin üçdə biri iştirak edib, üçdə ikisi isə etiraz edib. Ermənistanın Azərbaycanın daxili işlərinə qarışması birinci dəfə deyil. İşğalçı ordu hələ də Xankəndidədir. Onlar yalan gündəm yaratmaqla əsas məsələdən diqqəti yayındırırlar. Rəsmi Bakının təqdim etdiyi 5 baza prinsipi var. Bununla bağlı müzakirələri arxa plana salmağa çalışırlar. Sərhəd-keçid məntəqəsinin mövcudluğunu inkar etmək istəyirlər ki, beynəlxalq ictimaiyyətin təzyiqi altında bağlansın ya da etibarsız hala salınsın. Eyni zamanda, istədikləri vaxtda ərazilərimizə gediş-gəlişi təmin etməyə cəhd edirlər. Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması, ərazilərimizdən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasının qarşısını almaq üçün vaxt qazanmaq istəyirlər. Lakin istəklərinə nail ola bilməyib Azərbaycanın sərt mövqeyi ilə qarşılaşdılar. Azərbaycan şərtlərini diktə edən ölkədir və Ermənistana heç bir halda güzəşt olunmayacaq”.

E.Musayevin fikrincə, Qarabağ Azərbaycan ərazisi olduğuna görə hər hansı yükün daşınması prosesi Azərbaycan qanunlarına uyğun şəkildə həyata keçirilməlidir: ” Ağdam-Xankəndi yolunu alternativ yol adlandırmaq düzgün deyil. Laçın yolu da , Ağdam-Xankəndi yolu da Azərbaycan ərazisidir. Ermənilərin nazı ilə oynamaq olmaz. Kim istəyirsə, ölkəmizin qanunlarını qəbul edib ərazilərimizdə yaşaya bilər. Kim bununla razı deyilsə, Qarabağı tərk edəcək”.

//Safura Bənnayeva, Editor.az