Ermənistan “Zəngəzur dəhlizi” adı altında heç bir layihəni müzakirə etmir”. Bunu Ermənistanın Ali Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranda keçirilən Beynəlxalq Dialoq Forumunda deyib.
O, ermənilərin bu termindən istifadə etmədiyini söyləyib: “Düzünü desəm, heç bir dəhlizlə bağlı müzakirə aparılmır, biz belə bir termin işlətmirik. Lakin regional kommunikasiyaların hansı mexanizmlə açılması, bölgəmizə sülh və sabitlik gətirmək, inkişafa töhfə verməkdən danışırıq. “Sülh yollarının kəsişməsi” konsepsiyası bu istiqamətdə iqtisadi infrastrukturun inkişafı proqramı kimi çıxış edir”.
Politoloq Asif Nərimanlı Editor.az-a Qriqoryanın bu açıqlamasını şərh edib. O bildirib ki, Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsindən qorxu ilə bəhs edir:
“Regionda kommunikasiyaların bəhs olunan məqamda Azərbaycanın ən başlıca tələblərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Hansı ki, bununla bağlı Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə öhdəlik götürüb. Xüsusilə region ölkələrindən Rusiya, Türkiyə, bir sıra qərb ölkələri Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsini yaxına buraxmır. Bu ifadə erməni ictimaiyyətində böyük narazılıqla qarşılanır. Digər tərəfdən Qriqoryanın bunu İranda dilə gətirməsi də təsadüfi deyil. Çünki İran da bu dəhlizin açılmasına qarşıdır.
Ermənistan tərəfi Zəngəzur dəhlizi layihəsinə qarşı alternativ kimi “sülh yollarının kəsişməsi” layihəsini irəli sürür. Ermənistan hakimiyyətinin təqdim etdiyi bu layihə regional kommunikasiyaların açılması məsələsində Zəngəzur dəhlizinə qarşı alternativ layihədir. Bununla Ermənistan həm regional kommunikasiyaların açılmasına, həm də Azərbaycana dəhliz verməməyə nail olmaq niyyətindədir. Bu layihə həm də Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlı olan qüvvələrə təklif kimi irəli sürülüb. Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini bildirərək əvəzində isə bu layihə ilə alternativ yaratmaq istəyir. Ancaq rəsmi Bakının sülhə gedən yolda ən başlıca tələblərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz 10 noyabr üçtərəfli bəyanata əsasən açılmasa belə Azərbaycanın maraqlarına uyğun açıla bilər”.
Politoloqun sözlərinə görə, Azərbaycandan Naxçıvana maneəsiz keçidin verilməsi məsələsi Bakının hər zaman gündəmindədir:
“Ermənistan qəbul etməsə də bu, real şərtdir. Cənubi Qafqazda kommunikasiyaların açılması yalnız bu konteksdə mümkündür. Ermənistan tərəfi isə İranda bunu dilə gətirməkdə Zəngəzur dəhlizinin açılmasına qarşı olan Tehranı sakitləşdirmək istəyir. Rəsmi İrəvan göstərmək istəyir ki, hakimiyyətin mövqeyi dəyişməyib”.
//Gülnarə Abasova, Editor.az