“Ermənistana ayrılan maliyyə dəstəyi Cənubi Qafqaz üçün təhlükəli risklər yaradır”- Millət vəkilibackend

“Ermənistana ayrılan maliyyə dəstəyi Cənubi Qafqaz üçün təhlükəli risklər yaradır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ – Ermənistan – Aİ görüşündə Ermənistan üçün nəzərdə tutulan 2024-2027-ci illər üçün 270 milyon avro dəyərində Davamlılıq və İnkişaf Planı Cənubi Qafqaz üçün təhlükəli risklər yaradır. Çünki bu, Ermənistanın daha təhlükəli oyunlara cəlb olunması ilə nəticələnəcək. Qərbdən gələn maliyyə ilə Ermənistan revanşizmə daha çox həvəslənərək təxribatları intensivləşdirəcək. Bu səbəbdən görüşdən öncə Prezident İlham Əliyev istər ABŞ, istərsə də Aİ rəhbərliyi ilə telefon danışığı zamanı Azərbaycanın milli maraqlarını prinsipiallıqla qorudu”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Vaşinqton və Brüssel Azərbaycanı əmin etmək istəyirdi ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər rəsmi Bakıya qarşı yönəlməyib:

“Amma təbii ki, bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. Dövlətimizin başçısı Mövlud Çavuşoğlunu qəbul edərkən də diqqətə çatdırdı ki, hazırda dünyada, o cümlədən regionda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər. Faktiki Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olan ayırıcı xətlər yaradılır ki, bu da ölkəmizi təcrid etmək məqsədi güdür.

Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələrin Ermənistanı silahlı forpost kimi istifadə etmək cəhdi regionun əleyhinə olan bir prosesdir. Bu gün bütün bölgə üçün ən optimal variant kənar oyunçuları uzaqlaşdırıb, yalnız region ölkələrinin işbirliyini möhkəmləndirməkdir. Əks halda, Qərb regionda Ermənistan vasitəsi ilə ikinci Ukrayna ssenarisini reallaşdırmağa çalışır”.

//Gülnarə Abasova, Editor.az