“Ermənistana bu məsələdə ciddi təzyiq göstərilməlidir, əks halda…”-Hərbi ekspertdən AÇIQLAMAbackend

“Ermənistana bu məsələdə ciddi təzyiq göstərilməlidir, əks halda…”-Hərbi ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində vəziyyət olduqca ağırdır. Çünki Ermənistan müharibədən sonra uzunmüddətli sülhün, sabitliyin təmin olunması məqsədilə üzərinə düşən öhdəliklərin çox az hissəsini həyata keçirib. Reallaşdırılmayan addımlardan biri Qarabağda həm erməni separatçılarının, həm də Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birləşmənin mövcudluğu, Zəngilanla Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmaması, şərti dövlət sərhədinin artıq müəyyənləşdirilərək delimitasiya və demarkasiya edilməməsidir”.

Bunu Editor.az-a hərbi ekspert Ramil Məmmədli Müdafiə Nazirliyindən verilən açıqlamada mayın 29-30-da Ermənistan tərəfindən ordumuzun mövqelərinin ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi  İrəvan bütün mövcud  imkanlarından istifadə edərək Qərblə Rusiya arasında manevr edib proseslərdən yayınmağa çalışır:

“Əslində onlar bu arqumentdən çıxış edirlər ki, əgər Zəngəzur dəhlizi açılarsa və yol, nəqliyyat layihələri həyata keçərsə, bu, Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək. Lakin reallıqda bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın bünövrəsi ola bilər. Çox təəssüf ki,  vasitəçi olmaq istəyən ölkələr və təşkilatlar bu məsələlərdə rəsmi İrəvana ciddi təzyiq göstərmir. Bunun da nəticəsində Ermənistan danışıqlardan yayınmağa, gərginliyi saxlamaqla sülh müqaviləsini imzalanmasına nail olur”.

Ekspert hesab edir ki, İrəvanın sülhə məcbur edilməsi, 10 noyabr bəyanatı ilə öhdəsinə götürdüyü vəzifələri icra etməsi üçün daha kəskin addımlar atılmalıdır:

“Bəzən antiterror əməliyyatının keçirilməsini lazım hesab edirlər. Əslində müharibədən sonrakı dövrlərdə ordumuz Qarabağda və ətraf ərazilərdə antiterror əməliyyatını keçirib. Lakin görünən odur ki, daha sərt əməliyyatlar həyata keçirmək lazımdır ki, həmin məsələlər birdəfəlik öz həllini tapsın. Əks təqdirdə Ermənistan daha uzun müddət münaqişənin qeyri-müəyyən formada davam etməsində maraqlı olacaq “.

//Safura Bənnayeva, Editor.az