“ABŞ prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığı məktubda təhlükəsizliklə bağlı əməkdaşlığın gücləndirilməsi fikrini irəli sürməsi və ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparması təsadüfi hal deyil”.
Bunu Editor.az-a politoloq Samir Hümbətov ABŞ prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığı məktubda Amerikanın rəsmi İrəvanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəyi ilə bağlı söz verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, irəli sürülən bu fikirlər ABŞ-ın yeni strateji hədəflərindən biridir:
“Burada məqsəd Rusiyanın bölgədən çıxarılması prosesini sürətləndirməkdir. Amma diqqət çəkən əsas məqamlardan biri də Rusiyanın zəiflədiyi vaxtda Amerikanın bu qədər aktiv olmasının Ermənistanın gələcəyi üçün təsirli olub-olmamasıdır. Rəsmi Moskva zəiflədiyi bir vaxtda Rusiya qoşunları Ermənistandan çıxarıla bilərmi? Məsələ bundan ibarətdir. ABŞ-la Azərbaycan arasında enerji sahəsində də əməkdaşlıq mövcuddur. Amerika rəsmi Bakını Cənubi Qafqazda özünə tərəfdaş hesab etdiyi halda bu cür yanaşmanı ortaya qoyması sual doğuran məsələdir”.
Politoloqun fikrincə, ABŞ Ermənistana hər nə qədər dəstək versə də münaqişə həll olunmalıdır və bunun başqa alternativi yoxdur: “ABŞ-la Ermənistan arasında müəyyən mənada əməkdaşlıq ola bilər. Hərbi təlimlərin keçirilməsi, Rusiyanın rəsmi İrəvandan hərbi bazasının çıxarılması, Ermənistanın KTMT-dən çıxarılması kimi fikirlər səsləndirilir. Baydenin bu cür addımları strateji gedişlər adlandırılır. Hansı ki, bu da Cənubi Qafqaz və Yaxın Şərqdə əsas müttəfiqlərinin onunla münasibətlərinin soyumasına gətirib çıxarda bilər”.
//Safura Bənnayeva, Editor.az

