Ermənistana növbəti ağır zərbə vurula bilər – Zakir Həsənov bir ay əvvəl …backend

Ermənistana növbəti ağır zərbə vurula bilər – Zakir Həsənov bir ay əvvəl …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın sərhəddə törətdiyi həm silahlı insidentlərin sayı çoxdur, həm də bu insidentlər qısa bir zaman kəsiyinə təsadüf edir, həm də bunların coğrafi səpələnməsi eyni məntəqədə, eyni istiqamətdə deyil, müxtəlif istiqamətlərdə baş verir”.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, sülhməramlıların gözü qarşısında ermənilər Azərbaycana qarşı təxribat hazırlayırlar:

“Bu, ona dəlalət edir ki, son sutkada fərqli ərazilərdə ermənilərin törətdiyi silahlı insidentlər heç də təsadüf deyil. Aydındır ki, qarşı tərəfin ordusunda özbaşınalıq müəyyən nizam-intizamsızlıq var və s. Bu, bir dəfə olmayıb, 5 dəfə olmayıb, amma bunun belə qısa zaman içərisində müxtəlif istiqamətlərdə təxmini eyni üslubda insidentin törədilməsi bilavasitə, düşünülmüş təxribatdır, buna heç bir şübhəm yoxdur.

Sülhməramlıların bunu görməzdən gəlməsinə gəldikdə isə, onlar ilk dəfə deyil belə passiv davranış nümayiş etdirirlər. Yenə də biz qayıdaq müharibənin bitdiyi iki ilə yaxın müddətə, demək olar ki, Ermənistanla sərhəddə, rus sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonası istiqamətində müxtəlif insidentlər olub. Bunlardan ən ağır insidentlərdən biri Şuşanın girişində terrorçunun qumbara atmasıdır. Bunun özü sülhməramlıların gözünün qabağında baş verib. Yəni bundan o tərəfə nə ola bilər ki?!

Sanki sülhməramlılarda ümumiyyətlə heçnəyə qarışmamaq əmri kimi bir şey var. Bunun da müxtəlif izahları ola bilər: Bilirsiniz, Rusiyanın Ukraynada artıq yarım ilə yaxındır davam edən müharibədə başı qarışıb, siyasi rəhbərlik hər şeyə vaxtında reaksiya verməyə bilər. Onların da imkanları məhduddur. Kremlin hadisələrə reaksiya vermək imkanı müəyyən prearitetlərə bağlıdır. Təbii ki, Qarabağ indi prearitetdə deyil. Rusiya üçün indi ən praearitet məsələ Ukraynadır.

Ona görə, çox güman ki, o sülhməramlılar da qalıb özbaşına və orada yerli komandirlər hansı davranışı məqsədəuyğun hesab edirlər, o davranışla da hərəkət edirlər. Hazırda isə biz görürük ki, onlar ümumiyyətlə heçnəyə qarışmamağı hərəkət üslubu seçiblər.

Bir neçə gün bundan qabaq videoyazılar yayılmışdı, hansı ki, o görüntülərdə erməni tərəfinin Xocalı istiqamətində mühəndis istehkam işləri apardığı aydın görünürdü. Bu da sülhməramlıların gözü qabağında baş verir. Bundan öncə bizim əsgərlərimizin mövqelərinin atəşə tutulması insidentləri olub ki, o da yenə də sülhməramlıların gözü qarşısında baş vermişdi. Buna görə də düşünürəm ki, sülhməramlıların reaksiya vermək ehtimalı azdır, biz heç onu gözləməməliyik də.

Azərbaycan Slihalı Qüvvələrinin komandanlığı əminəm ki, vəziyyəti nəzarət altında saxlayır. Yay aylarıdır, bu aylarda həm düşmənin aktivliyi, həm də ki, bizim tərəfin düşməni cəzalandırmaq ehtimalı daha yüksəkdir. Ordumuzun son aylarda orada, xüsusən də Xocalı, Xankəndi istiqamətində yenidən azad olunan ərazilərdə ələ keçirdiyi strateji əhəmiyyətli mövqelər vəziyyəti bizim üçün daha da əlverişli edir.

Ona görə də indi hər hansı proqnoz vermək istəmirəm. Amma daha çox o fikrə tərəfdaram ki, mənə elə gəlir ki, biz Azərbaycan Ordusu tərəfindən bu silahlı təxribatlara qarşılıq olaraq hər hansı reaksiyanı gözləyə bilərik. Çünki təxminən bir ay bundan qabaq – 26 iyun tarixində Silahlı Qüvvələr günündə müdafiə naziri Zakir Həsənov komanda məntəqəsində generalları, korpus komandirlərini, briqada komandirlərinin bir qismini yığmışdı və orada müvafiq göstərişlər verilmişdi (Zakir Həsənov: “Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür” – red) ki, bu xarakterli təxribatlar baş verərsə, ən ciddi cavab verilsin. İndi bax, o xarakterli təxribatlkar baş verib, faktiki olaraq cəbhəboyu atışma gedib”.

Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.