“ABŞ Azərbaycanla Ermənistan arasındakı danışıqlarda daha əvvəl uğurlu vasitəçi qismində iştirak edib. Özəlliklə ötən il ABŞ-ın müxtəlif beyin mərkəzlərində ölkənin dövlət katibi Entoni Blinkenin moderatorluğu altında bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlər keçirilmişdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloqun sözlərinə görə, bundan sonrakı dövrdə də ABŞ daima Cənubi Qafqaz məsələsi fonunda Azərbaycanla Ermənistan arasındakı münasibətləri gündəmdə saxlayır:
“Demək olar ki, ABŞ Dövlət Departamentinin elə bir brifinqi yoxdur ki, orada Azərbaycanla Ermənistan arasındakı münasibətlərə toxunulmasın və ya bununla bağlı hansısa bir mövqe bildirilməsin. Bu baxımdan da Vaşinqtonun Azərbaycan Ermənistan münasibətlərinin düzəlməsi ilə bağlı təşəbbüsləri təbii ki, təqdirəlayiqdir. Ancaq eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün İrəvanın yerinə yetirməli olduğu bir çox məsələlər var. Birincisi, mütləq şəkildə Ermənistanın dövlət aktlarında Azərbaycan ərazisinə olan iddiaları aradan qaldırılmalıdır. Hələ də Ermənistan ərazilərində qondarma Artsaxın “nümayəndəlik ofisləri” fəaliyyət göstərir. Eyni zamanda, hələ də Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət məsələsində aktivlik göstərmir. Bu baxımdan ABŞ sülhlə bağlı Ermənistana təzyiqləri artırmalıdır. Son dövrlər ABŞ-dan Ermənistana səfərlərin artdığını nəzərə aldıqda bu fonda Vaşinqtonun hazırda İrəvana təsir imkanları daha çoxdur”.
//Gülnarə Abasova, Editor.az

