“Tarixin bütün dönəmlərində Qafqaz regionu böyük geopolitik qarşıdurmaların, təəssüf ki, rəqabət mərkəzi olub. Bu səbəbdəndir ki, uzun əsrlər bu coğrafiyada yerli və milli qüvvələrə istinad edilən dövlət qurmaq mümkün olmamışdır. Müasir Azərbaycan dövləti bu periodda güclü və müstəqil siyasəti ilə istisna təşkil edir. Bu da, təbii ki, əsrlərdir boyu bu bölgəni istismar etmiş regional və regiondan kənar gücləri narahat etməyə bilməzdi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Ermənista regionda təsir zonaları yaratmaq istəyən qlobal güclərin əlində alət olmaqda davam edir:
“Ermənistan baş naziri N.Paşinyanın hiyləgər və məsuliyyətsiz siyasəti Cənubi Qafqazı yenidən hərbi-siyasi gərginliyin pik həddinə gətirib çıxarıb. Bir tərəfdən Azərbaycanla Brüsseldə, Praqada əldə olunmuş razılaşmalara və 10 noyabr 2020-ci il bəyanatına sadiqliyini elan edir, digər tərəfdən sərhəddə təxribatlara, ölkəmizin daxili işlərinə qarışmağa dava edir. Eyni zamanda, sərhədlərin və ərazi bütövlüyünün tanınmasını rəsmiləşdirəcək sülh müqaviləsinin imzalanmasını yubadır ki, bu da Paşinyanın sözünə güvəniləcək bir lider olmadığını açıq şəkildə ortaya qoyur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin 10 noyabr bəyanatının ziddinə olaraq qeyri-qanunu silahlı birləşmələri Qarabağdan çıxarmaması da vəziyyəti gərginləşdirən əsas amillərdən biridir. Belə görünür ki, 44 günlük savaşdan dərs çıxarmayan və Qafqazın “yaramaz uşağı” rolunu oynayan Ermənistana yenidən “qulaqburması” vermək zamanı gəlib çatıb.. Keçən əsrin əvvəllərində Rusiyanın təhriki və yağlı vədləri ilə vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət edənlər bu gün eyni həvəslə Fransanın eyni vədləri ilə ruslara xəyanət edirlər. Amma unutmamalıdırlar ki, bu xəyanət və oyunbazlıqlar Ermənistanın formal dövlətçiliyinin belə sonu ola bilər”.
//Gülnarə Abasova, Editor.az