Mövzu: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
Məlum olduğu kimi sağlam cəmiyyətin yetişməsi, demokratik mühitin və şəffaf idarəetmə sisteminin formalaşması üçün əsas şərtlərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Fikir və söz azadlığı sağlam cəmiyyətin inkişafı, demokratik mühitin bərqərar olması və şəffaf idarəetmə sisteminin formalaşması üçün əsas şərtlərdən biridir. Bu azadlıq yalnız fərdlərin öz fikirlərini ifadə edə bilməsi üçün deyil, eyni zamanda cəmiyyətin ümumi rifahı, ədalət və bərabərliyin qorunması üçün də həyati əhəmiyyət daşıyır. Fikir və söz azadlığı olmadan demokratiya mümkün deyil.
Cəmiyyətlərdə plüralizmin inkişafı üçün məlumat azadlığı və informasiyaya əlçatanlığın asanlaşdırılması mütləqdir. Ümumiyyətlə, plüralizm, bir cəmiyyətdə fərqli ideyaların, baxışların, mədəniyyətlərin maraqlarının mövcudluğu və onların maraq və anlaşma şəraitində birlikdə yaşaya bilməsini təmin edir. Plüralizmin inkişafı üçün hər bir fərdi hüquq və azadlıqlar nümayiş etdirmək vacibdir. Bu kontekstdə məlumat azadlığı və informasiyaya əlçatanlıq mühüm rol oynayır. Çünki daim tərəqqiyə can atan insan fikir, söz və məlumat azadlığı olmadan inkişaf edə bilməz.
Bəzi hökumətlər və ya qurumlar məlumat axınına nəzarət edir ki, bu da plüralizmin inkişafını məhdudlaşdırır.
Azərbaycan isə bu məsələdə dövlətin həssas və diqqətli yanaşması ilə seçilir.
Fikir və söz azadlığının təmin edilməsi, demokratik inkişafın dəstəklənməsi və əldə edilməsinin təmin edilməsinə şərait yaradılması üçün bir sıra qanunvericilik və praktiki tədbirlər həyata keçirilir.
Azərbaycanda bu istiqamətdə hansı işlər görülür?
Mövzu ilə bağlı Editor.az-a danışan AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Elnur Kəlbizadə deyib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra söz və fikir azadlığının təmin edilməsi istiqamətində davamlı olaraq islahatlar aparılıb, addımlar atılıb:
“Demokratik prinsiplərlə idarə olunan ölkənin əsas prioritetlərindən biri də məhz söz, fikir və mətbuat azadlığıdır. İnsanların sözügedən hüquqlarının pozulması halları isə demokratiyanın pozulduğu, olmadığı dövlətlərdə müşahidə edilir. Azərbaycan həmin ölkələrdən deyil. Bu gün ölkəmizdə yaşayan insanların söz və fikir azadlığının təmin olunması, hüquqlarının pozulmaması istiqamətində əməli addımlar atılmaqdadır. Həmin məsələ bu günün, bir ilin əməyinin nəticəsi deyil.
Belə ki, 1995-ci ildə qəbul edilən və Ümummilli lider Heydər Əliyevin baş müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasının maddələrinin böyük bir qismi insan hüquq və azadlıqları ilə bağlıdır. Burada əksini tapan fikirlər insanların azad, sərbəst yaşaması, fikir və söz azadlığından rahat şəkildə istifadə etməsini təmin edir. Bununla kifayətlənilməmiş, ölkədə sonrakı illərdə də həmin istiqamətdə çoxsaylı sənədlər qəbul edilmişdir”.
Elnur Kəlbizadə Azərbaycanın ev sahibliyi ilə noyabr ayının 11-dən 23-nə qədər keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29)-un da ölkəmizdə söz və fikir azadlığının necə təmin olunuğunun bir daha aydın göstərilməsi kimi xarakterize edir:
“Bu il keçirilən COP-29 tədbirlərində dünyada və ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin fəaliyyətinə yaradılan şərait Azərbaycanda fikir və söz azadlığının səviyyəsinin daha bir göstəricisi olmuşdur.
Azərbaycandan fərqli olaraq Ermənistanda 1991-ci ildən bəri fikir və söz azadlığı daim təzyiq altında olmuş, insanlar səsləndirdikləri fikirlərə görə terrora məruz qalmışlar. Bu yaxınlarda Sargis Qalstyanın Azərbaycanla daha loyal münasibətlər qurulması üçün etdiyi çağırışlara görə həbs edilməsi Ermənistanda söz və ifadə azadlığına təzyiqlərin növbəti təzahürüdür. Belə ki, o, Azərbaycana casusluqda ittiham olunaraq azadlıqdan məhrum edilib.
Ermənistanda çoxlu sayda insan fərqli fikirlərinə görə aradan götürülür.
Bu yaxınlarda Avropa Şurasının jurnalistlərin təhlükəsizliyinin artırılması üzrə kampaniyasının rəhbəri Rodica Ciochina da demişdi ki, Ermənistan mətbuatında qütbləşmə, nifrət nitqlərinin və dezinformasiyanin artması müşahidə edilir. Göründüyü kimi, barəsində danışdığımız bu qanun heç də hər ölkədə Azərbaycanda olduğu kimi yüksək səviyyədə təmin olunmur”.
Siyasi şərhçi Aydın Quliyev isə deyib ki, məlumat azadlığı və informasiyanın əlçatanlığı kimi institutlar mövcud olmazsa cəmiyyətin dayanıqlı və dinamik inkişafından söhbət gedə bilməz:
“Bunlar həqiqətən ictimai inkişafın ən vacib şərtləridir. Burada başqa amillərdən də danışmaq olar. Lakin fikir və məlumat azadlığının olmadığı bir şəraitdə həmin amillərin xüsusi çəkisi qalmır. Çünki məlumatın azadlığı, informasiyanın əlçatanlığı təmin edilməsə nə cəmiyyət fəal ola bilər, nə də fərdlərin , insanların aktivliyindən, şəffaflıqdan söhbət gedə bilər. Cəmiyyətlə dövlətin arasında etibar da olmaz. Ümumiyyətlə, inkişaf üçün çox vacib şərtlərdən sayılan şəffaflıq və azad rəqabət mühiti yaranmaz. Özünün inkişafının gələcəyi haqqında düşünən bütün cəmiyyətlər, dövlətlər məlumat azadlığı və informasiyanın əlçatanlığının daim yüksək səviyyədə olmasında maraqlıdırlar. Bunun təmin olunması qanunvericilik müstəvisində zəruri addımların atılması ilə həyata keçirilir. Azərbaycanda da bu yöndə mühüm işlər görülür. İstər məlumat azadlığının, istərsə də informasiya əlçatanlığının təmin olunması üçün hüquqi və praktiki müstəvidə dövlət tərəfindən atılan addımların şahidi oluruq. Zəruri qanunların qəbul olunması, konstitusiyada müvafiq maddələrin mövcudluğu buna nümunədir. Digər məsələ isə məlumat azadlığının məhdudlaşdırılmasıdır. Belə hallara qarşı da Cinayət Məcəlləsinə müvafiq olaraq addımlar atılır. Qəsdən belə iş tutan şəxslər mütləq qanun qarşısında cavab verməlidir”.
Siyasi şərhçinin sözlərinə görə, cəmiyyətin informasiya əlçatanlığının təmin edilməsi üçün qanunvericilik yolu ilə məcburi norma tətbiq edilir:
“Dövlət, özəl təşkilatlarda , qurumlarda media ilə əməkdaşlığa cavabdeh olan qurumlar yaradılmalıdır. Bütün nazirliklər, dövlət xidmətləri və s. sirr sayılacaq məsələlər istisna olunmaqla yerdə qalan fəaliyyətlə bağlı cəmiyyəti məlumatlandırmaqda borclu olan ayrıca qurumlar olmalıdır. Mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri və s. buraya daxildir. Bütün bunlar məlumat azadlığının təmin olunmasında vacib rol oynayır”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.